DSMF Beynəlxalq Sosial Təminat Assosiasiyasının Büro iclasında iştirak edib

DSMF Beynəlxalq Sosial Təminat Assosiasiyasının Büro iclasında iştirak edib
# 27 oktyabr 2015 12:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin oktyabrın 20-22-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 111-ci büro iclası keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, iclasda fondun nümayəndə heyəti iştirak edib. İclasda BSTA-nın yeni büro üzvləri, texniki komissiyaları ilə bağlı məsələlər, 2014-cü ilin maliyyə yekunlarına dair hesabatlar, 2015-ci ildə BSTA-nın fəaliyyəti, 2016-cı ildə keçiriləcək beynəlxalq tədbirlərin təqvimi və növbəti üçillik dövr (2017-2019-cu illər) üçün BSTA-nın ilkin fəaliyyət planı müzakirə olunub.

Tədbir çərçivəsində DSMF-nin nümayəndə heyəti BSTA Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında da iştirak edib. İclasda BSTA Avropa Şəbəkəsi çərçivəsində cari ildə görülmüş işlər, eləcə də növbəti ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib. Bundan əlavə, fondun nümayəndələri BSTA-nın, habelə Rusiya, Polşa, Almaniya, Litva, Finlandiya və digər BSTA üzvü olan ölkələrin pensiya və sosial sığorta təşkilatlarının nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirərək, qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan 2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən rəhbər komitəyə üzv seçilib. BSTA-nın bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edən ölkəmiz assosiasiya çərçivəsində yüksək səviyyəli qərarların qəbul edilməsində xüsusi rola malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR