AMEA prezidenti gənc alimlər üçün əsas prioritetləri açıqlayıb

AMEA prezidenti gənc alimlər üçün əsas prioritetləri açıqlayıb
# 19 fevral 2016 13:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənc alimlər üçün əsas prioritetləri açıqlayıb.

APA-nın məlumatına görə, AMEA Gənc Alim və Mütəxəssisləri Şurasının (GAMŞ) 2015-ci il üzrə yekun hesabat yığıncağında çıxış edən AMEA prezidenti Akif Əlizadə Azərbaycanın öz iqtisadi modelini dəyişməyə, qeyri-neft sektorunu inkişaf etdirməyə hazırlaşdığını nəzərə çatdırıb və gənc alimlərin də bu modelin hazırlanmasına iştirak etməli olduğunu vurğulayıb. A. Əlizadə deyib ki, hazırda ölkədə demoqrafik durum da gərgindir: “Gənc alimlər bu məsələyə də diqqət yetirməlidir”.

A. Əlizadə AMEA-da texnopark yaratmaq niyyətində olduqlarını söyləyib: “Biz elmi uğurlarımıza tətbiq etmək istəyirik. Yeri gəlmişkən, Sumqayıtda texnopark yaradılıb, ancaq fəaliyyətə başlaya bilmir. Texnoparkların yaradılması sahəsində səlahiyyət İqtisadiyyat və Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə məxsusdur. Gənc alimlər texnoparkların yaradılmasında iştirak etməlidirlər”.

A. Əlizadə qeyd edib ki, mineral gübrələrdən azad olmaq, təbii gübrələrdən istifadə məsələsi də diqqət mərkəzində olmalıdır: “Gənc alimlər elə bir problem, layihə ortaya qoymalıdırlar ki, Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələr də maliyyə qoymaqla bu layihədə iştirak etsinlər. Tutaq ki, Xəzər-Qara dəniz hövzəsində geodinamik proseslər kimi mövzuları təklif etmək olar. Multukulturalizm sahəsində də böyük proqram həyata keçirmək mümkündür. Nobel laureatları təkbaşına gəlib bu mükafatı almırlar, kollektiv işlərdən söhbət gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR