İƏT-in 9-cu "Gənclər Paytaxtı" Kazan şəhəri simvolik açarı Şuşaya təqdim edib - YENİLƏNİB - FOTO

İƏT-in 9-cu "Gənclər Paytaxtı" Kazan şəhəri simvolik açarı Şuşaya təqdim edib  - YENİLƏNİB  - FOTO
# 04 iyun 2024 17:18 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatının 9-cu "Gənclər Paytaxtı" olan Kazan şəhəri simvolik açarı 10-cu "Gənclər Paytaxtı" seçilən Şuşaya təqdim edib.

APA xəbər verir ki, bununla bağlı Şuşada keçirilən tədbirdə təqdimat olub. Tədbirdə, həmçinin Şuşa - İƏT “Gənclər Paytaxtı”nın loqosu təqdim olunub, sonra qonaqlar milli musiqi və rəqs ansamblının təqdim etdiyi konsert proqramını izləyiblər.

Qeyd edək ki, “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına start verilib. İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bir çox yüksək səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə “Beynəlxalq Liderlik və Diplomatiya Konfransı”, “NexGen: Sosial İnnovasiyalar Forumu”, “Sülh və harmoniya üçün İslam Gənclərinin Danışıqları“ adlı tədbirlər təşkil ediləcək. Proqram çərçivəsində qlobal, milli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.

Tədbirlər 3-6 iyun 2024-cü il tarixlərini əhatə edir.

***

16:20

Şuşa İslam Əməkdaşlıq Təşkilatının 10-cu "Gənclər Paytaxtı"na ev sahibliyi edir.

APA xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına start verilir. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) ölkələrin inkişafında mühüm rol oynayan, gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən bir şəhəri “Gənclər Paytaxtı” seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında 2024-cü ilin “Gənclər Paytaxtı” seçilən Azərbaycan Respublikasının Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının 10-cu “Gənclər Paytaxtı”na ev sahibliyi edəcək.

Şuşa şəhərinin 2024-cü il üçün İƏT “Gənclər Paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2024-cü il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc iştirak edir.

Tədbir "Qurani-Kərim"dən ayənin oxunması ilə başlayıb. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun tədbir iştirakçılarına videomüraciəti səsləndirilib. O videomüraciətdə bildirib ki, Şuşanın bu il “Gənclər paytaxtı” seçilməsinin həm də rəmzi mənası var.

"Bu il biz Şuşa sakinlərini yenidən salamlayırıq. Burada Şuşadan gənclər var. Onlar burada fəaliyyət göstərərək öz töhfələrini verəcəklər. Mən İslam Əməkdaşlıq Təşkilatına Şuşanı “Gənclər paytaxtı” seçdiyinə görə təşəkkür edirəm" - deyə o qeyd edib.

Gənclər və idman naziri Fərid Qayıbov isə deyib ki, Azərbaycanda gənclərə önəm verilir və hər il bir dəfə Gənclər günü qeyd edilir.

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov deyib ki, iqlim dəyişikliyi, sosial bərabərsizlik, beynəlxalq münaqişələrin təsiri dünyanın vəziyyətini çətinləşdirib:

“Gənclər öz potensiallarını səfərbər etməklə daha yaxşı gələcək üçün çalışmalıdırlar. Biz gənclərə yol açmalıyıq, onlar liderə çevrilməlidirlər. Gənclər problemləri yaradan yox, onları həll edən qüvvə olmalıdır".

Daha sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, “Gənclər paytaxtı” çərçivəsində əməkdaşlıq naminə səylər birləşdiriləcək:

"Sosial-iqtisadi inkişaf naminə addımlar atılmalıdır. İƏT-ə üzv dövlətlər də buna çalışırlar. Biz səylərimizi artırmalıyıq. Gələcək naminə gənclərlə əl-ələ verməliyik. Uğur üçün bu platformadan istifadə etməliyik".

Xatırladaq ki, İƏT “Gənclər Paytaxtı” beynəlxalq proqramı 2015-ci ilin mayında Küveytdə keçirilən İƏT Xarici İşlər Nazirlərinin Konfransında İƏT-ə üzv 56 ölkənin xarici işlər nazirlərinin səsverməsi ilə qəbul edilib və ilk İƏT “Gənclər Paytaxtı” Türkiyə Respublikasının İstanbul şəhəri olub. Şuşa İslam dünyasında bu missiyanı yerinə yetirən 10-cu şəhərdir. 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR