Livanın sabiq baş naziri: "İran ərəb dünyasında üstünlüyünü saxlaya bilməyəcək"

Livanın sabiq baş naziri: "İran ərəb dünyasında üstünlüyünü saxlaya bilməyəcək"
# 11 mart 2016 07:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "İranda dindən siyasi məqsədlər üçün istifadə olunur".

APA-nın məlumatına görə, bunu Livanın sabiq baş naziri Fouad Siniora IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən “İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi və inkişafının əsasları. Növbəti region hansıdır?” mövzusunda paneldə deyib.

Onun sözlərinə görə, İranda iki güc var: “Bunun biri Qərblə danışıqlar aparan və iqtisadiyyatı açan tərəfdir. İkinci güc də var. Burada daha çox millətçi cəbhədən söhbət gedir. Yəməndə, İraqda qarşıdurmanı dəstəkləyən də bu gücdür. Bu get-gedə regionda sabitliyin mümkün olmayacağına gətirib çıxaracaq. İranda din siyasi məqsədlər üçün istifadə olunub. Sünni-şiə münaqişəsi fundamental dini münaqişə deyil, regional münaqişədir. Bundan da İran şiələrin ərəblərin üzərində güc tətbiq etməsi məqsədilə istifadə edir. Bu sahədə olan münaqişələr regionda tarazlığı tənzimləyə bilməyib.

İranda keçirilən son seçkilər islahatlara ehtiyac olduğunu göstərdi. Belə getsə, bu güc regionda olan münaqişələri dəstəkləyəcək. Heç bir halda ekstremistlər dəstəklənməməlidir. İran və ərəb ölkələri maliyyə baxımından çətin vəziyyətdədir. İnsanlar pis durumdadır. Bunun Avropaya da təsirini görürük. Bu da böyük miqyasda insanların ağır duruma düşməsinə, radikallaşdırılmasına gətirib çıxarır.

Qərb üçün bu belə davam edə bilməz. İran ərəb dünyasında üstünlüyü saxlaya bilməyəcək. Ərəb dünyası İranın təcrid olunması barədə düşünmür. Sünni və şiələri nə bölür? Onları bölən amil katolik və pravoslavları bölən amillərdən daha zəifdir. Ona görə də belə bölünməyə əsas yoxdur. İran qərbə inteqrasiya etmək istəyir, lakin eyni zamanda özünü Yaxın Şərqdə inqilabi güc kimi aparmağı düşünür. Amma belə mövqe çox davam edə bilməz. İranın ərəb dünyasında inqilabın baş verməsi istiqmətində cəhdələrini davam edə bilməyəcək. İran belə hərəkətlərini davam etsə, bu, deinteqrasiya prosesinin sürətlənməsinə, ekstemist qüvvələrin güclənməsinə, miqrantların sayının artmasına və regionda təhlükəsizliyinin azalmasına səbəb olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR