Ombudsman Aparatının əməkdaşları FHN-in hərbi hissəsində və Səbail RPİ-də monitorinq keçiriblər

Ombudsman Aparatının əməkdaşları FHN-in hərbi hissəsində və Səbail RPİ-də monitorinq keçiriblər
# 17 mart 2016 08:27 (UTC +04:00)

Bakı. Fərid Mirəzyev – APA. Ombudsman Aparatının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinə baş çəkiblər.

Aparatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına baxış keçirilib, hərbi qulluqçuların məişət şəraiti öyrənilib.

Hərbi qulluqçularla rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilib.

Hərbi şəhərcikdə zabit, gizir və müddətdən artıq xidmətdə olan hərbi qulluqçular üçün hər birində 40 mənzil olmaqla, iki beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılıb, bütün mənzillər mətbəx, yataq və digər mebellər və avadanlıqlarla tam təmin edilib. Yaxın günlərdə mənzillərin hərbi qulluqçuların istifadələrinə verilməsi gözlənilir.

İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən növbəti monitorinq Səbail Rayon Polis İdarəsində (RPİ) olub. İdarənin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib. Başçəkmə çərçivəsində MSY-nin bütün kameralarına baxışlar keçirilib, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, habelə qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqatla bağlı müvafiq sənədləşmə yoxlanılıb.

MSY-də saxlanılan şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib, müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunaraq hüquqi məsləhətlər verilib. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR