İndoneziya seçki sahəsində Azərbaycanın təcrübəsindən istifadə etmək istəyir

İndoneziya seçki sahəsində Azərbaycanın təcrübəsindən istifadə etmək istəyir
# 18 fevral 2016 14:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycanda səfərdə olan İndoneziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MSK sədri Azərbaycanda seçki təcrübəsinin daha da təkmilləşdirilməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında beynəlxalq təcrübənin öyrənilməsinin xüsusi rolu olduğunu bildirib.

F. Hamzah MSK-nın seçkilərin azad, ədalətli və şəffaf keçirilməsindəki yüksək təcrübəsindən və informasiya-kommunikasiya texnologiyalarının seçkilərdə tətbiqi sahəsində əldə etdiyi ciddi nailiyyətlərdən istifadə edərək, İndoneziyadakı seçkilərin də inkişafına nail olmaq istədiklərini bildirib. O, iki ölkənin ali seçki qurumları arasında birbaşa əlaqələrin qurulmasında maraqlı olduqlarını ifadə edib.

M. Pənahov seçkilərin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayıb. MSK sədri nümayəndə heyətinə Azərbaycanın seçki sistemi, MSK-nın strukturu, seçki komissiyalarının fəaliyyət prinsipləri və digər məsələlər barədə ətraflı məlumat verib və seçkilərin demokratik keçirilməsində həyata keçirilmiş genişmiqyaslı layihələri və atılan addımları diqqətə çatdırıb.

İndoneziyalı parlamentarilərlə görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR