Avqustda daha 91 dövlət əmlakı hərraca çıxarılacaq

Avqustda daha 91 dövlət əmlakı hərraca çıxarılacaq
# 30 iyul 2018 10:49 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 28 avqustda keçiriləcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, avqustun son hərracına ümumilikdə 91 dövlət əmlakı çıxarılıb. Onlardan 21-i səhmdar cəmiyyəti, 34-ü kiçik dövlət müəssisə və obyekti, 33-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Budəfəki hərraca müxtəlif rayonlarda yerləşən və fərqli sahələr üzrə ixtisaslaşmış səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri çıxarılıb. Ağcabədi Aqrotexservis, Port İliç Xidmət, Mingəçevir Qum Çınqıl və digərləri bu kateqoriyadan olan dövlət əmlaklarına aiddir. Bu səhmdar cəmiyyətlərinin satışa buraxılmış səhm sayları və satış qiymətləri fərqlidir.

Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 12 kvadratmetr ilə 11 min 266 kvadratmetr intervalındadır. Paytaxtla bərabər Gəncə, Bərdə, Qusar, Qax kimi bölgələrdə yerləşən əmlakların qiymətləri də fərqlidir. Belə ki, obyektlərə ən aşağı ilkin qiymət 800 manat, ən yuxarı qiymət isə 715 min manat təyin olunub. Daşkəsən rayonu, Alunitdağ qəsəbəsində yerləşən Yardımçı təsərrüfatın ümumi faydalı sahəsi 2 min kvadratmetrə yaxındır. Qeyd edək ki, torpaqla birlikdə dövlət əmlakına ilkin qiymət 75 min manat təyin olunub.

Bundan başqa, Bakı şəhəri, Qaradağ rayonunda yerləşən 132 saylı yanacaqdoldurma məntəqəsinin ümumi faydalı sahəsi 50 kvadratmetrə yaxındır.

Özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrindən 22-si paytaxtda, 4-ü Sumqayıtda, 3-ü Gəncədə qalanları isə Daşkəsən və Ağdaş rayonunda yerləşir. Bu əmlakların ümumi faydalı sahəsi 6 kvadratmetr ilə 288 kvadratmetr arasında dəyişir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən obyektin ümumi faydalı sahəsi 147 kvadratmetrdir. Bu əmlak investora fərqli xidmət sahələrində fəaliyyətə imkan verə biləcək.

Avtomobil sahibi olmaq istəyənlər üçün budəfəki hərraca buraxılış ili 2007-ci il olan “Fiat”, BMW və “QAZ” markalı nəqliyyat vasitələri çıxarılıb.

Hərraca çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və elektron formada sifariş vermək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir. Elektron hərrac sisteminin tətbiqi onlayn resurslarla hərracda virtual iştirak və onlayn izləmə imkanlarını təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR