Çingiz Hüseynzadə: “İlk Avropa Oyunlarının keçirilməsi üçün böyük vəsait tələb edilən işlər başa çatıb” - VİDEO

Çingiz Hüseynzadə: “İlk Avropa Oyunlarının keçirilməsi üçün böyük vəsait tələb edilən işlər başa çatıb” - <span style="color: red;">VİDEO
# 17 mart 2015 09:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “İlk Avropa Oyunlarına ayrılan vəsaitin azalması müəyyən proqramların daha qənaət rejimində həyata keçirilməsi deməkdir. Amma böyük vəsait tələb edilən işlər başa çatıb”.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Vitse-prezidentin sözlərinə görə, ən çox vəsait tikinti-təmir işləri, qurğuların hazırlanması, Təşkilat Komitəsinin fəaliyyətinin təmin edilməsinə sərf edilib.

“Yarışların keçirilməsinə artıq 88 gün qalıb və hesab edirəm ki, bu, oyunların baş tutmasına heç bir təsir göstərə bilməz”, - deyə Ç. Hüseynzadə bildirib.

MOK rəsmisi I Avropa Oyunlarında iştirak edəcək idmançıların xərclərinin Azərbaycan tərəfindən qarşılanmasına da münasibət bildirib. Ç. Hüseynzadə qeyd edib ki, bu cür idman yarışlarının hamısında idmançıların xərcləri Təşkilat Komitəsi tərəfindən həyata keçirilir: “Bu, bütün müqavilələrdə də əks olunub. Azərbaycan da təşkilatçı tərəf kimi bütün xərcləri qarşılayır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, istər bilet satışı, istər televiziyalarla bağlı gəlirlər Azərbaycana məxsus olacaq. Belə olduğu halda, oyunlardan əldə olunan bütün gəlirləri heç bir tərəflə bölünməyəcək və Azərbaycana qalacaq”.

Vitse-prezident bildirib ki, Olimpiya stadionunun tikinti-quraşdırma işləri başa çatdırılıb və hazırda stadion ətrafında abadlaşdırma işləri aparılır.

“Hazırda açılış mərasiminə hazırlıq işləri görülür”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR