Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil edilib - FOTO

Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil edilib - FOTO
# 14 iyun 2024 17:58 (UTC +04:00)

Dövlət Turizm Agentliyi tərəfindən Palçıq Vulkanları Turizm Kompleksinə kütləvi informasiya vasitələri nümayəndələri üçün mediatur təşkil edilib.

"APA-Economics" xəbər verir ki, mediatur zamanı 12 hektar ərazidə inşa edilmiş Palçıq Vulkanları Turizm Kompleksi və buradakı infrastruktur barədə media nümayəndələrinə məlumat verilib.

Bildirilib ki, yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib.

Media nümayəndələri palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanışlığın mümkün olduğu, sərgi zalından və emalatxanadan ibarət olan Turizm İnformasiya Mərkəzi ilə tanış olublar. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.

Eksponatların zənginliyi ilə böyük maraq doğuran Təbiət tarixi sərgi zalında “Böyük pişiklər”, “Qobustan faunası”, “Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir.

Sərgidə nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.

Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən - Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. İki hissədən ibarət sərginin birinci bölməsində palçıq vulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digər bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında tapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və onların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.

Bundan əlavə, ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.

Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Abşeron rayonunda yerləşən Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib və kompleksdə görülmüş işlərlə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR