MTRŞ: Telekanalların rəqəmsal yayım üçün ödəyəcəyi qiymətlər dəqiqləşdirilir

MTRŞ: Telekanalların rəqəmsal yayım üçün ödəyəcəyi qiymətlər dəqiqləşdirilir
# 19 aprel 2016 15:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bir müddət əvvəl Milli Televiziya və Radio Şurasında (MTRŞ) Teleradio İstehsalat Birliyi (İB) və ümumrespublika yayımçıları arasında geniş tərkibdə görüş keçirilib”.

Bunu APA-ya MTRŞ-nın Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov deyib. O bildirib ki, görüşdə respublikada analoq yayımın dayandırılmasından sonra rəqəmsal yayımın həyata keçirilməsi üçün yayımçılar tərəfindən operatora ödəniləcək qiymətlər müəyyənləşib. Şöbə müdirinin sözlərinə görə, ümumrespublika yayımçıları Teleradio İB ilə rəqəmsal yayım üçün ödəniləcək qiymətlər barədə razılıq əldə edib: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etdik. Nazirlər Kabineti də təklifləri layihə formatında hazırlayıb bizə göndərdi və razılığımızı verdik”.

İ. Məmmədov qeyd edib ki, rəqəmsal yayım üçün ümumrespublika yayımçıları tərəfindən ödənilməsi nəzərdə tutulan məbləğ həm veriliş sürətindən, həm də əhatə zonasından asılı olaraq dəyişir. O əlavə edib ki, analoq TV yayımının mövcud əhatə zonasına bərabər olan rəqəmli TV yayım zonası üçün ödəniləcək məbləğ analoq yayımı üçün ödənilən məbləğdən təxminən 30% aşağı olacaq: “Hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində rəqəmli TV yayımı 2 paket üzrə, rayonlarda isə hələlik 1 paket üzrə aparılır. Gələcəkdə rayonlarda da 2 paketin yaradılması gözlənilir”.

Şöbə müdiri onu da qeyd edib ki, Azərbaycan əhalisinin 99%-i rəqəmli TV yayımı ilə əhatə olunub: “Analoq TV yayımının dayandırılmasının isə mərhələli şəkildə həyata keçiriləcəyi nəzərdə tutulub. Qeyd edim ki, TV və radio yayımı haqqında qanununa görə ümumölkə TV yayımçısı ölkə əhalisinin 98%-ni, ümumölkə radio yayımçısı isə ölkə ərazisinin 98%-ni yayımla əhatə etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR