Azərbaycanda çimərliklərin monitorinqinə başlanıb

Azərbaycanda çimərliklərin monitorinqinə başlanıb
# 10 may 2016 14:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Azərbaycanda çimərliklərin monitorinqinə başlanılıb. Monitorinq Səhiyyə Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə aparılır.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov APA-ya açıqlamasında deyib ki, mayın 10-dan başlanılan monitorinq oktyabr ayınadək davam edəcək.

Monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələr aparılacaq, kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Laborator analizlərin nəticələrinə əsasən çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.

Qeyd edək ki, ötən il aparılmış müayinələrin nəticələrinə əsasən, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan və Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində olub. Qaradağ və Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx”, habelə Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub. Əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq, həmin çimərliklərdən istifadə qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR