Azərbaycanda poliomielit, difteriya, göyöskürək, epidemik parotit xəstəlikləri artıq müşahidə edilmir

Azərbaycanda poliomielit, difteriya, göyöskürək, epidemik parotit xəstəlikləri artıq müşahidə edilmir
# 30 dekabr 2019 14:28 (UTC +04:00)

"Qonşu ölkələrdə baş verən epidemioloji gərginliyə baxmayaraq, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər respublikada əldə olunan epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verir".

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin illik hesabatında bildirilib.

Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi ölkəmizdə də uşaqların 11 xəstəliyə qarşı immunlaşdırma tədbirləri ilə müdafiəsi təmin edilir.

Ölkə üzrə peyvənd planı yenidoğulmuşların hepatit B vaksini ilə 98,8%, poliomielit əleyhinə vaksinlə - 95,4%, vərəm əleyhinə vaksinlə - 95,4%, pnevmokok əleyhinə vaksinlə - 94,2%, qızılca-parotit-məxmərək əleyhinə vaksinlə - 97,0% və göyöskürək-difteriya-tetanus əleyhinə vaksinlə - 94,3% yerinə yetirilib. Bunun nəticəsində xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.

Poliomielit, difteriya, göyöskürək, epidemik parotit xəstəlikləri ölkədə artıq müşahidə edilmir, tetanus və məxmərək xəstəlikləri tək-tək hallarda baş verir.

Ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 6 ildir ki, malyariyanın yerli yoluxması baş vermir. Bu nailiyyət Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən qiymətləndirilib və hazırda malyariyanın eliminasiyasının sertifikatlaşdırılması prosesinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR