Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına güzəştlərin həcmi artırılıb, yardımların verilməsi proseduru dəyişdirilib

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına güzəştlərin həcmi artırılıb, yardımların verilməsi proseduru dəyişdirilib
# 25 avqust 2015 05:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

APA-nın mlumatına görə, Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 50 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqrama, ya da onun dəyərinin yuxarı həddi 50 manata qədər müəyyən edilib.

Dəyişikliyə əsasən yardımların həcmi artırılıb, bu yardımlar habelə buğda və çəltik səpininə də şamil ediləcək. Başqa sözlə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin qiymətinə 70 faiz həcmində güzəşt tətbiq edilməklə, onun məbləğinin yuxarı həddi hər hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinə və çoxillik əkmələrə görə 80 manat məbləğində müəyyən edilib. . Mineral gübrələrin satış qiymətinə nəzərdə tutulmuş güzəşt istehsalçıların mülkiyyətində, icarəsində və ya istifadəsində olan və mövcud qanunvericiliklə əkin məqsədi üçün istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrində aparılan təkrar (aralıq) əkinlərə də şamil ediləcək. Müvafiq olaraq “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları” təsdiq edilib. Mineral gübrələrin istehsalçılara güzəştli qiymətlərlə satışının tənzimlənməsi Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarı ilə yaradılmış Respublika Komissiyası və “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na əsasən yaradılmış kənd ərazi komissiyaları və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) kənd təsərrüfatı idarələri (bundan sonra-rayon (şəhər) kənd təsərrüfatı idarəsi) tərəfindən həyata keçiriləcək. Respublika Komissiyasının iclaslarının keçirilməsinin təşkili, rayon (şəhər) kənd təsərrüfatı idarələrindən və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən daxil olan materialların təhlili və icmal məlumatların hazırlanıb Respublika Komissiyasına təqdim edilməsi Kənd Təsərrüfatı Nazirliyində yaradılan işçi qrupu tərəfindən təmin ediləcək. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi və istehsalçılara satılmış mineral gübrələrin qiymətinə tətbiq edilən güzəştin dövlət büdcəsinin vəsaiti hesabına satıcılara ödənilməsi qaydası bu qərarla təsdiq edilmiş Qaydaların tələbləri nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Bu qərarla təsdiqlənən “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na əsasən dövlət büdcəsinin vəsaiti hesabına istehsalçılara yardımın verilməsində əsas meyar kənd təsərrüfatı məhsullarının istehsalı üçün becərilən 1 (bir) hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsi və çoxillik əkmələr götürülür. İstehsalçılara hər hektar hesabı ilə bitkilərin becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə 50 manat, buğda və çəltik səpininə görə əlavə 40 manat yardım verilir. İstehsalçılara hər hektar hesabı ilə bitkilərin becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım əsas əkinlərlə yanaşı, təkrar (aralıq) əkinlərə də şamil edilir. Dövlət büdcəsinin vəsaiti hesabına yardımlar istehsalçılara mülkiyyətində, istifadəsində və ya icarəsində olan və mövcud qanunvericiliklə əkin məqsədi üçün istifadə olunmasına icazə verilən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində apardıqları əkinlərə və çoxillik əkmələrə görə verilir. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi şəxslərə yardımlar onların hesablaşma hesablarına, fiziki şəxslərə onların cari (xüsusi kart) hesablarına köçürülməklə verilir.

İstehsalçıların siyahısının tərtib edilməsi və onlara hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikası Komissiyası, müvafiq rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə kənd ərazi komissiyaları yaradılır. Kənd ərazi komissiyası sədrdən və üzvlərdən ibarət olacaq. Komissiyanın sədri rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi, komissiyanın üzvləri kənd bələdiyyəsinin sədri,hər kəndin istehsalçılarından bir nəfər nümayəndə, hər kəndin ağsaqqallarından 2 nəfər nümayəndə olacaq. Rayon (şəhər) üzrə istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsinin təşkili Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) kənd təsərrüfatı idarələri (rayon (şəhər) kənd təsərrüfatı idarəsi) tərəfindən həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi dövlət büdcəsindən ayrılmış vəsait hesabına ərizə və blank formalarını çap etdirir və hər il əsas əkinlər üzrə martın 15-dək, təkrar əkinlər üzrə iyulun 1-dək rayon (şəhər) kənd təsərrüfatı idarələri vasitəsilə kənd ərazi komissiyalarına çatdırılmasını təmin edir.

Əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə yardımların verilməsi qaydaları və şərtlərinə əsasən isə yaz tarla işləri (payızlıq əkinlər də nəzərə alınmaqla) başa çatdıqdan sonra istehsalçı becərdiyi hər hektar əkin sahəsinə və çoxillik əkmələrə sərf etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün ərizəsini, ərizəyə əlavə edilmiş cədvəl üzrə məlumatı hər il mayın 25-dək kənd ərazi komissiyasına təqdim edir. Kənd ərazi komissiyası istehsalçıdan ərizə daxil olduqdan sonra 10 gün müddətində istehsalçının iştirakı ilə əkin sahələrində və çoxillik əkmələrdə aparılmış aqrotexniki işləri yerində yoxlayır və 2 nüsxədən ibarət baxış aktı tərtib edir. Kənd ərazi komissiyası təqdim edilmiş sənədlərə və baxış aktlarına əsasən istehsalçıların siyahısını və onların kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə etdikləri əkin sahəsi barədə məlumatları tərtib edir və yardıma sənəd təqdim etmiş hüquqi şəxs olan istehsalçıların bank rekvizitləri ilə birlikdə baxılması üçün iyunun 5-dək rayon (şəhər) kənd təsərrüfatı idarəsinə təqdim edir.. Rayon (şəhər) kənd təsərrüfatı idarəsi icmal siyahıları iyunun 25-dək Respublika Komissiyasına təqdim edir. Respublika Komissiyası müvafiq rayon (şəhər) kənd təsərrüfatı idarələrindən daxil olmuş icmal siyahılara 15 gün müddətində baxır və istehsalçılara becərilmiş hər hektar əkin sahəsinə və çoxillik əkmələrə, buğda və çəltik səpininə görə yardımların verilməsi barədə qərar qəbul edir. Respublika Komissiyası Maliyyə Nazirliyi, rayon (şəhər) kənd təsərrüfatı idarələri və müvəkkil banklarla birlikdə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada verilməsini iyulun 20-dən başlayaraq təşkil edir.

İstehsalçı becərdiyi hər hektar təkrar əkin sahəsinə sərf etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün bu Qaydaların 10 nömrəli əlavəsinə uyğun ərizəsini, ərizəyə əlavə edilmiş cədvəl üzrə məlumatı hər il sentyabrın 1-dək kənd ərazi komissiyasına təqdim edir. Kənd ərazi komissiyası təqdim edilmiş sənədlərə və baxış aktlarına əsasən istehsalçıların siyahısını və onların kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə etdikləri əkin sahəsi barədə məlumatları sentyabrın 10-dək rayon (şəhər) kənd təsərrüfatı idarəsinə təqdim edir. . Rayon (şəhər) kənd təsərrüfatı idarəsi icmal siyahıları sentyabrın 25-dək müvafiq qaydada Respublika Komissiyasına təqdim edir. Respublika Komissiyası Maliyyə Nazirliyi, rayon (şəhər) kənd təsərrüfatı idarələri və müvəkkil banklarla birlikdə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada verilməsini oktyabrın 20-dən başlayaraq təşkil edir.

Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslər üçün ödəniş kartlarının 3 ildən bir hazırlanması və bu kartların dövriyyədə olduğu müddətdə onlara bank xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir. Müvəkkil bank kartları istehsalçılara birbaşa verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR