Petkim: Türkiyədə daha bir yeni neft emalı zavodu inşa oluna bilər

Petkim: Türkiyədə daha bir yeni neft emalı zavodu inşa oluna bilər
# 04 iyun 2018 13:23 (UTC +04:00)

SOCAR-ın Türkiyədə aktivi olan “Petkim Holding” neft-kimya kompleksi “Petkim”in yerləşdiyi ərazidə ikinci neft-kimya müəssisəsini inşa edəcək.

APA-Economics”in məlumatına görə, bunu “Petkim Holding”in baş direktoru Anar Məmmədov “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yeni layihəyə 2 mlrd. dollar investisiya edilməsi planlaşdırılır. Onun texniki-iqtisadi əsaslandırmasının tərtibatı 2019-cu ildə yekunlaşacaq: “Layihənin hazırlanması və yeni “Petkim” neft-kimya müəssisəsinin inşası 5 il müddətində baş tutacaq”.

A. Məmmədovun sözlərinə görə, yeni investisiya layihəsi Türkiyə bazarına yönəlib: “Türkiyədə “Petkim”in istehlak bazarı arzu olunan həddə qədər artarsa, şirkətimiz prinsipcə istehsal etdiyi məhsulun ixracında maraqlı deyil. Yəni, realizə olunan məhsulun böyük hissəsi yerli bazarda istifadə ediləcək”.

“Petkim”in baş direktorunun sözlərinə görə, neft-kimya nəhənginin istehsal gücü illik 3,6 milyon ton məhsul təşkil edir. Bu isə Türkiyənin istehlakının cəmi 20%-ni təşkil edir: “Ölkənin neft-kimya məhsullarına olan tələbatının digər 80%-i isə idxal edilir. Bu Türkiyə üçün problemdir. Nəticədə, Türkiyədə kəsirin 30-35 faizi neft-kimya məhsullarının idxalı ilə bağlıdır”.

A. Məmmədov qeyd edib ki, bugünkü gün Türkiyənin polipropilenə olan tələbatı illik 2 mln. ton təşkil edir: “Petkim” isə bu tələbatın cəmi 7 faizini və ya 144 min tonunun təmin edə bilir. Bununla belə, holdinq Türkiyənin polietilenə olan tələbatını 60 faiz təmin edir ki, bu da 1 milyon tona yaxın olan həcmlərdir. Biz tələb olunan bütün neft-kimya çeşidlərini istehsal etmək gücündə deyilik. Ancaq ən lazımlı məhsulları istehsal edilir”.

“Petkim” baş direktorunun sözlərinə görə, “Petkim” istehsal üçün Rusiya, Yunanıstan və Rumıniyadan xam mal idxal etmək məcburiyyətindədir: “STAR Neft Emalı Zavodu işə salınandan sonra idxalda tələbat azalacaq.

Bununla belə, “Petkim”in yeni neft-kimya müəssisəsinin işə salınmasından sonra xam mal idxalında yenidən tələbat yaranacaq: “Türkiyə bazarı sürətlə artır. Bu, dünyanın ən iri bazarlarından biridir. İstisna deyil ki, Türkiyədə daha bir yeni neft emalı zavodu inşa edilsin”, - deyə A. Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR