Zəfər Nemətov və Həsən Haqverdiyevin yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib

Zəfər Nemətov və Həsən Haqverdiyevin yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib
# 20 noyabr 2017 13:56 (UTC +04:00)

Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli rejissor, əməkdar incəsənət xadimi Zəfər Nemətovun və görkəmli rəssam Həsən Haqverdiyevin 100 illiyi münasibəti ilə “İki dost” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutan tədbirdə mədəniyyət və incəsənət xadimləri, ziyalılar iştirak ediblər.

Mərasim iştirakçılarına rəssam Həsən Haqverdiyevin sənət əsərlərindən ibarət “Davam” adlı sərgi təqdim olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, xalq artisti Hacı İsmayılov Zəfər Nemətov və Həsən Haqverdiyevin sənət yolundan danışıb, onların dost olduqlarını, Gənc Tamaşaçılar Teatrında birlikdə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Tədbir çərçivəsində təqdim edilən Zəfər Nemətova həsr olunmuş “Zəfər ömrü” kitab haqqında qonaqlara məlumat verən xalq artisti yeni nəşrin teatrşünaslığın inkişafına bir töhfə olduğunu qeyd edib.

Xalq rəssamı Arif Hüseynov Həsən Haqverdiyevin sənət dünyasından, müəllifi olduğu rəsm əsərlərindən bəhs edib. O qeyd edib ki, H. Haqverdiyev vaxtaşırı yaratdığı bütün sənət əsərlərində mövzu aktuallığı ilə ərsəyə gətirdiyi qrafik nümunələrin düşündürücülüyünü təmin edib: “Zəngin və böyük yaradıcılığa malik Həsən Haqverdiyev hər zaman sənətini sevən, ona bütün gücünü qoyan sənətkarlardandır. Rəssamın tablolarına xas lirizmin özünəməxsus koloritin onun yaradıcılıq üslubunun göstəricisidir. Yaradıcılığında janr məhdudluğu hiss edilməyən Həsən Haqverdiyevin zaman-zaman çəkdiyi çoxsaylı portret və mənzərələrdə obrazlara və məkanlara cəlbedici rəng vermək istəyi qabarıqdır. Həsən Haqverdiyevin Azərbaycan ictimaiyyətinin görkəmli qrafika ustası kimi tanınması etiraf olunan faktdır”.

Həsən Haqverdiyevin qızı, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Zemfira Qafarova atasının sənətindən, sənətinə olan sevgisindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüb.

Xalq Artisti Əminə Yusifqızı, professor Nadir Məmmədli, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, rəssam Hüseyn Haqverdiyev Zəfər Nemətov və Həsən Haqverdiyevlə bağlı xatirələrindən, o cümlədən yeni nəşr olunan kitabdan danışıblar.

Qeyd olunub ki, Z. Nemətovun rejissorluqla yanaşı, ictimai və pedaqoji fəaliyyəti də məhsuldar olub. Milli teatr tarixində özünəməxsus dəst-xətti və yaradıcılıq üslubu olan sənətkar quruluş verdiyi tamaşalarda peşəkarlıq səviyyəsinə və janr əlvanlığına hər zaman diqqət edib. O, çalışdığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarını dövrün tələblərinə uyğun, gənclərin estetik tərbiyəsində rol oynayan əsərlərlə zənginləşdirməkdə mühüm işlər görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR