Mərkəzi Bank: Manatın çoxtərəfli məzənnəsinin ucuzlaşması ixrac sahələrinin inkişafı üçün əlavə stimullar yaradıb

Mərkəzi Bank: Manatın çoxtərəfli məzənnəsinin ucuzlaşması ixrac sahələrinin inkişafı üçün əlavə stimullar yaradıb
# 12 noyabr 2015 08:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin 9 ayında Mərkəzi Bank əlverişsiz beynəlxalq iqtisadi konyunkturun Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin davam etməsi şəraitində fəaliyyət göstərib.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti İcmalında deyilir.

İcmalda qeyd olunub ki, bu ilin 9 ayında dünya iqtisadiyyatında qeyri-müəyyənliklər artıb, qlobal iqtisadi artım zəif və kövrək olub, bölgədə iqtisadi risklər artıb. “Dünya əmtəə qiymətlərinin, o cümlədən neftin dünya qiymətinin azalması meyli davam edib, bir sıra valyutaların ucuzlaşmasının yeni dalğası müşahidə olunub. Qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına dərindən inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına müxtəlif kanallarla təsir göstərib. Xarici mühitin birbaşa və dolayı təsirləri xüsusən də valyuta bazarında xarici valyuta təklifinin azalması, tələbin isə artmasında özünü büruzə verib. Yeni risklərin və çağırışların yaranması şəraitində Mərkəzi Bank özünün pul və məzənnə siyasətini makroiqtisadi və maliyyə sabitliyinin qorunması, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədlərinə yönəldib. Məzənnə siyasəti üzrə ölkənin ödəmə balansında tarazlığın və strateji valyuta ehtiyatlarının dayanıqlı səviyyəsinin qorunmasına xidmət edən qərarlar qəbul olunub. Dövr ərzində manatın çoxtərəfli məzənnəsinin ucuzlaşması idxalı əvəzləyən və ixrac sahələrinin inkişafı üçün əlavə stimullar yaradıb”, - deyə sənəddə qeyd olunub.

İcmalda bildirilib ki, dövr ərzində pul siyasəti üzrə strateji hədəflərə nail olma vəziyyəti qənaətbəxş olub: “2015-ci ilin 9 ayında ölkədə inflyasiya aşağı birrəqəmli səviyyədə qorunub. Daxili inflyasiya ticarət tərəfdaşı ölkələrindəki orta inflyasiyadan aşağı olub. Pul siyasətinin həyata keçirilməsi şəraiti nəzərə alınaraq pul siyasəti alətlərindən adekvat istifadə edilib”.

AMB-də hesab edirlər ki, 2015-ci ilin ötən dövründə də Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatda baş verən proseslərin mənfi təsirlərinə yüksək davamlılıq nümayiş etdirib və özünün stabil inkişaf kursunu saxlayıb: “Təsadüfi deyil ki, Qlobal Rəqabət Qabiliyyəti üzrə son hesabata görə Azərbaycan MDB məkanındakı liderliyini, makroiqtisadi vəziyyət üzrə isə ilk onluqdakı yerini qoruyub. Eyni zamanda, aparıcı reytinq agentlikləri ölkənin beynəlxalq kredit reytinqini investisiya səviyyəsində təsdiq ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR