Azərbaycanlı musiqiçinin adını daşıyan beynəlxalq müsabiqə keçirilib

Azərbaycanlı musiqiçinin adını daşıyan beynəlxalq müsabiqə keçirilib
# 12 mart 2016 14:24 (UTC +04:00)

Bakı-APA. İsveçrənin Cenevrə şəhərindəki Vandovr Sarayında, Fransada yaşayan azərbaycanlı, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyevanın adını daşıyan gənc pianoçuların 10-cu beynəlxalq müsabiqəsi keçirilib.

Azərbaycanın BMT-nin Cenevrə Bölməsindəki nümayəndəliyindən APA-ya verilən məlumata görə, iyirmi beş ilə yaxındır ki, Fransada yaşayan Adilə Əliyeva 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, 30-dan artıq kompakt-diskin müəllifidir.

Müsabiqənin münsiflər heyətində bəstəkar Rodion Şedrin, Fransanın "Dofine Libero" qəzetinin baş redaktoru Katrin Ponse, İsveçrənin "Leman Bleu" televiziyasının çəkiliş qrupu, Tokio və Monreal milli simfonik orkestrlərinin baş dirijoru Şarl Dütua, Finlandiya musiqiçisi və tənqidçisi Vesa Siren, “Deutsche Gramophone” səsyazma studiyasının direktoru Mixael Fan, ABŞ-dan olan musiqiçi və tənqidçi Donald Vron və Polşa milli simfonik radio orkestrinin baş direktoru Joanna Vnuk Nazarava təmsil olunub. Müsabiqənin fəxri prezidenti fransalı bəstəkar və dirijor Loran Petijirar olub.

Müsabiqənin laureatları sırasında Rumıniya vətəndaşı Botak Aleksandru-Kadmiel və həmyerlimiz Vurğun Vəkilov olub.

Müsabiqədə ilk yerləri tutanlara Parisdə yerləşən Alfred Corto adına Paris Musiqi Məktəbində pulsuz təhsil almaq üçün təqaüd ayrılıb.

Konsertdən əvvəl, pastor Bruno Miqel, Fransanın Annemas şəhərinin mer müavini Yves Fournier və Azərbaycanın BMT-nin Cenevrə Bölməsindəki daimi nümayəndəsi, səfir Vaqif Sadıqov çıxış ediblər.

Tədbirdə İsveçrə və Fransadan olan musiqişünaslar, incəsənət xadimləri, mətbuat nümayəndələri, Azərbaycan diasporunun fəalları və Azərbaycanın Cenevrə və Bern şəhərlərindəki diplomatik nümayəndəliklərin əməkdaşları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR