İndoneziya səfiri: “İki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılmasına çalışacağam"

İndoneziya səfiri: “İki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılmasına çalışacağam"
# 28 aprel 2016 12:36 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Azərbaycan və İndoneziya arasında çox yaxşı münasibətlər mövcuddur. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik”.

Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie APA-ya açıqlamasında bildirib. Çoxtərəfli formatlarda münasibətlərin yüksək səviyyədə olduğunu deyən səfir ikitərəfli münasibətlərin səviyyəsindən razılıq edib və bu sahənin inkişafı üçün yaxşı potensial olduğunu söyləyib. H. Bey Fananie İndoneziyanın Azərbaycandan neft idxal etdiyini vurğulayıb: “Azərbaycan İndoneziyanın ən çox neft aldığı ikinci ölkədir. Bizim Azərbaycandan olan neftə ehtiyacımız var. Lakin hələ də Azərbaycan İndoneziyadan çox məhsul idxal etmir. Bunun üçün güclü potensial mövcuddur və bu sahədə əməkdaşlığı daha da inkişaf etdirməliyik. İndoneziyanın Azərbaycandakı səfiri kimi turizm əlaqələrinin inkişaf etdirilməsi üçün çalışacağam. Bilirsiniz ki, turizm məqsədilə İndoneziyaya səfər edən Azərbaycan vətəndaşları ölkədə 1 ay ərzində vizasız qala bilirlər. Mən birbaşa hava əlaqəsinin yaradılmasına da cəhd edəcəyəm”.

Bununla yanaşı, diplomat ticarət və investisiyalar sahəsinin inkişaf etdirilməsinin prioritet olacağını deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bu ilin sonunadək İndoneziyaya səfər edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR