Azərbaycan və İran arasında maşınqayırma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və İran arasında maşınqayırma sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
# 12 mart 2016 17:26 (UTC +04:00)

Bakı-APA. Martın 12-də iqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Şərqi Azərbaycan əyalətinin valisinin ictimai-siyasi məsələlər üzrə müavini Səid Şəbistərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə nazir Şahin Mustafayev bildirib ki, son illər dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərdən sonra Azərbaycan-İran əlaqələri, eləcə də İranın regionları ilə əməkdaşlıq daha da genişlənmişdir. Nazir Şahin Mustafayev iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, sənaye, o cümlədən maşınqayırma sahəsində əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

İranın Şərqi Azərbaycan əyalətinin valisinin müavini Səid Şəbistəri dövlət başçılarının birgə səyləri nəticəsində son illər ölkələrimiz arasında əlaqələrin genişləndiyini, İranın Şərqi Azərbaycan vilayətinin sənaye sahəsində Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində maşınqayırma sahəsində fəaliyyət göstərən müəssisələrin təmsil olunduğunu qeyd edən Səid Şəbistəri Azərbaycanın bu sahədə fəaliyyət göstərən şirkətlərini ölkəsinə dəvət edib. İranlı qonaq Azərbaycanda sənaye parklarının yaradılmasını müsbət qiymətləndirib.

Görüşdə İranın “Təbriz Traktorqayırma Zavodu” və avtobus istehsalçısı “AKİA” maşınqayırma zavodu barədə məlumat verilib, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində İran nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında (SKSP) da olub. Qonaqlara sənaye parkında investorlar üçün yaradılmış əlverişli imkanlar, sənaye parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar barədə məlumat verilib. Sonra SKSP-də İran nümayəndə heyəti ilə Azərbaycanın maşınqayırma müəssisələrinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə İranın “Təbriz Traktorqayırma Zavodu”u və avtobus istehsalçısı “AKİA” maşınqayırma zavodu ilə Azərbaycanın maşınqayırma müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər zamanı İran nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkı (STP) ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR