Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.
APA xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.
Görüşdə Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, o cümlədən əməkdaşlığın yeni modellərinin hazırlanması məsələləri müzakirə olunub.
Hikmət Hacıyev Azərbaycanın NATO-nun fəal və etibarlı tərəfdaşı olduğunu vurğulayıb. O, ölkənin hərbi imkanları, strateji coğrafi mövqeyi, regional bağlantıların inkişafı və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə danışıb.
Həmçinin, Azərbaycan–NATO əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.