Bakıda "Hindistan günləri" sərgisinin açılışı olub.
APA-nın xəbərinə görə, sərginin açılış mərasimində Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna iştirak edib.
Səfir bildirib ki, bu il ikinci dəfədir belə sərgi təşkil olunur. Sərgidə Hindistanın kiçik müəssisələri öz məhsullarını təqdim edirlər: “Bu sərgi azərbaycanlılara hind mədəniyyəti və məhsulları ilə tanış olmaq imkanı yaradır”.
Bakı İdman Sarayında “Best of İndia”- “Hindistanın ən yaxşıları” adı altında keçirilən sərgidə 60-dan çox stend təşkil olunub.
Sərgidə Hindistanın 40-dan çox şirkətinin təqdim etdiyi çay, ədviyyat, düyü, ev avadanlığı, geyim və tekstil əşyaları, zərgərlik və kirşan məmulatları nümayiş olunur. Qarşıdakı günlərdə stendlərin sayının artırılacağı bildirilib.
Sərgi sentyabrın 8-dək davam edəcək.
Sərgiyə giriş sərbəstdir.