Bank Of Baku

Berlində Respublika günü qeyd edilib

Berlində Respublika günü qeyd edilib
# 06 iyun 2019 14:12 (UTC +04:00)

Almaniyanın paytaxtı Berlində 28 May – Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illik yubileyi ilə əlaqədar rəsmi tədbir keçirilib.

APA Azərbaycanın Almaniyadakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov 1918-ci il mayın 28-də Azərbaycan xalqının öz müstəqilliyini elan etdiyini, azad, demokratik və dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığını qeyd edərək AXC-nin müsəlman Şərqində ilk demokratik respublika olduğunu və öz təbiəti etibarilə mütərəqqi ideyalar əsasında təşəkkül tapdığını diqqətə çatdırıb.

Səfir əldə edilmiş müstəqilliyin qorunub saxlanmasının o dövrdə daha çox xarici amillərdən asılı olduğu üçün AXC-nin mövcud olduğu müddət ərzində xarici siyasət məsələlərinə xüsusi önəm verdiyini bildirib, cəmi iki ilə yaxın fəaliyyəti dövründə Azərbaycan Hökumətinin gərgin fəaliyyəti nəticəsində AXC-nin 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının iştirakçısı olan böyük dövlətlər tərəfindən de-fakto tanındığını vurğulayıb.

1920-ci ilin aprel ayının 20-də sovet-bolşevik rejiminin Azərbaycanı işğal etməsi nəticəsində AXC-nin beynəlxalq münasibətlər sistemində təmsil olunmasına son qoyulmasına baxmayaraq, 70 illik fasilədən sonra Azərbaycan xalqının milli azadlıq mübarizəsi nəticəsində 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edildiyini qeyd edib.

Səfir R.Həsənov Azərbaycanın müstəqil xarici siyasət aparması nəticəsində beynəlxalq birliyin tamhüquqlu üzvü kimi əldə etdiyi uğurlardan danışıb, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyətini qeyd edərək hal-hazırda Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu mühüm regional enerji və nəqliyyat layihələri, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rolu olan “Cənub Qaz Dəhlizi” təşəbbüsü, habelə regional nəqliyyat imkanları və Bakı-Tbilisi-Qars dəmir yolu barədə məlumat verib.

Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı məqsədlərindən danışaraq, ölkəyə xaricdən olan təhdidlərin qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, Azərbaycan ətrafında xoşməramlı regional əməkdaşlıq mühitinin yaradılması, regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın təşviq edilməsi, enerji, nəqliyyat və iqtisadi strategiyamızın həyata keçirilməsi kimi prioritetlərdən bəhs edib.

R.Həsənov tarixi 200 il əvvələ gedib çıxan Azərbaycan-Almaniya münasibətlərinə toxunaraq iki ölkə arasındakı münasibətlərin çoxşaxəli olduğunu və bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini, bu il ölkələrimiz arasındakı diplomatik münasibətlərin qurulmasının 27-ci ildönümü olmasını iştirakçıların diqqətinə çatdırıb. Ötən ilin avqust ayında AFR kansleri xanım Anqela Merkelin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda olduğunu, bu səfərin ikitərəfli əlaqələrin daha da intensiv inkişafına töhfə verdiyini qeyd edib.

Daha sonra tədbirdə AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert çıxış edib və Almaniya Azərbaycan münasibətlərinin müxtəlif aspektlərinə toxunub. M.Zibert bu əlamətdar gündə eyni zamanda iki yubileyin qeyd edildiyini, onlardan birinin 28 may respublika günü, digərinin isə Azərbaycan diplomatik xidmətinin 100 illik yubileyi olduğunu bildirib. Almaniya və Azərbaycan arasında bütün sahələrdə dinamik münasibətlərdən bəhs edib, Azərbaycanın Cənubi Qafqazda Almaniyanın əsas iqtisadi tərəfdaşı olduğunu vurğulayıb.

Zibert Almaniya-Azərbaycan münasibətlərinin iqtisadi aspektlərinə toxunaraq Azərbaycanda Alman Ticarət Palatasının fəaliyyət göstərdiyini, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini bildirib.

M.Zibert Azərbaycan və Almaniya arasında mədəniyyət sahəsində sazişin və Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq sazişinin tezliklə imzalanacağına ümid etdiklərini, Şərq Tərəfdaşlığı proqramının ölkələrimiz arasındakı münasibətlərə təkan verdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR