Bank Of Baku

BMT Təhlükəsizlik Şurasında müzakirələr Ermənistan və havadarlarının növbəti fiaskosu ilə nəticələnib

BMT Təhlükəsizlik Şurasında müzakirələr Ermənistan və havadarlarının növbəti fiaskosu ilə nəticələnib
# 17 avqust 2023 02:09 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycanın Qarabağ bölgəsində vəziyyətə dair müzakirələr olub.

APA xəbər verir ki, müzakirələrdə TŞ-nin daimi və müvəqqəti üzvləri, BMT nümayəndələri, o cümlədən Türkiyə, Azərbaycan və Ermənistan təmsilçiləri çıxış ediblər.

Çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildirib, tərəflərə müəyyən çağırışlar edib, təkliflər səsləndiriblər.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev çıxışında Qarabağda yaşayan erməni əhalinin 'blokada"da olması, eləcə də aclıqla üzləşməsi barədə Ermənistanın əsassız iddialarını faktlarla alt-üst edib. Yaşar Əliyev Ermənistanın bu məsələnin müzakirə olunması üçün BMT TŞ-yə müraciətinin yersiz olduğunu vurğulayıb.

Diplomat qeyd edib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır.

BMT TŞ-də müzakirələr Ermənistan diplomatiyasının tam iflası ilə nəticələnib.

Ermənistanın, erməni diasporu və lobbisinin, ermənipərəst dairələrin səyləri nəticəsiz qalıb - iclas iştirakçıları toplaşıb, söhbətləşib, dağılışıblar.

Bu müzakirələri Ermənistanın fiaskosu, xarici işlər naziri Ararat Mirzoyanın və ümumilikdə Ermənistan diplomatiyasının məğlubiyyəti hesab etmək olar.

Ermənistanla yanaşı, onun havadarları, xüsusən də Fransa bu müzakirələrdən istədiyini ala bilməyib.

Qeyd edək ki, bu, Fransa ilə Ermənistanın artıq ikinci analoji iflasıdır - ötən ilin dekabrında da məsələnin BMT TŞ-da qaldırılması cəhdi olmuşdu.

Budəfəki müzakirələr zamanı da ölkələr Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edib, Ağdam-Bərdə yolundan istifadəni vacib sayıb, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını - reallıqları qəbul edib.

Bir daha təsdiq olunub ki, Yaşar Əliyevin də dediyi kimi, belə müzakirələrə ehtiyac yox idi. Məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır.

Bu müzakirələrdən çıxan nəticə budur ki, Ermənistan növbəti məğlubiyyəti ilə barışmalı olacaq. Qarabağda yaşayan erməni əhali isə anlamalıdır ki, başqa yol yoxdur - Azərbaycanın şərtləri əsasında danışıqlara getməlidir.

Bu müzakirələr Azərbaycan diplomatiyasının gücünü də bir daha göstərmiş oldu.

Bir daha təsdiq olundu ki, beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir, Azərbaycan beynəlxalq səviyyədə böyük nüfuza malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR