Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı F. Şəfiyev bildirib ki, yeni yaranmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əsas fəaliyyət istiqaməti Azərbaycan, region və dünyada baş verən proseslərlə bağlı arayışlar hazırlamaq və təşkilat və digər qurumlara təqdim etməkdir.
Onun sözlərinə görə, bu istiqamətdə mərkəz yerli və beynəlxalq düşüncə mərkəzləri ilə əməkdaşlıq edir. Fərid Şəfiyevin bildirib ki, mərkəzinin əsas işi xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar, hesabatlar hazırlamaq, o cümlədən Ermənistanın daxilində baş verən prosesləri və ümumilikdə bu ölkəni dərindən öyrənməkdir.
Daha sonra çıxış edən Əli Gedikoğlu rəhbərlik etdiyi təşkilatın Fransanın Strasburq şəhərində türkiyəlilər tərəfindən yaradıldığını bildirib. O qeyd edib ki, beynəlxalq QHT olan təşkilatın 15 Avropa ölkəsində filialı fəaliyyət göstərir. O, təşkilatın əsas məqsədinin Türkiyə və müsəlman ölkələrə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə, Qərb təşkilatlarına çatdırılması olduğunu əlavə edib.
Daha sonra tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər və konkret layihələrlə bağlı təmasları davam etdirməyə dair razılığa gəliblər.