Bank Of Baku

Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB-1

Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB-1
# 15 sentyabr 2026 13:51 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında geniştərkibli görüş keçirilib.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Nazirlər Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi və baxışı əsasında formalaşan və Şuşa Bəyannaməsində təsbit olunan strateji müttəfiqlik münasibətlərinin bütün gündəliyini nəzərdən keçiriblər.

Müzakirələr zamanı siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, investisiyalar, enerji, nəqliyyat və logistika, təhlükəsizlik və müdafiə, humanitar əməkdaşlıq, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində koordinasiya məsələləri müzakirə olunub.

Nazirlər institusional mexanizmlərin, o cümlədən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın əhəmiyyətini vurğulayıblar.

XİN rəhbərləri, həmçinin, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), D-8 və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan–Gürcüstan–Türkiyə, Azərbaycan–Pakistan–Türkiyə və Azərbaycan–Özbəkistan–Türkiyə formatları da daxil olmaqla, üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının regional təhlükəsizliyə, iqtisadi inkişafa və bağlantıların gücləndirilməsinə verdiyi töhfə qeyd olunub.

Nazirlər ötən il ərzində Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişi, eləcə də davamlı sülhün və regional əməkdaşlığın təmin olunmasına yönəlmiş praktiki addımları müzakirə ediblər.

Onlar, həmçinin Yaxın Şərqdə və digər regionlarda baş verən proseslər, yeni geosiyasi reallıqlar və davam edən münaqişələr barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov və Hakan Fidan münaqişələrin və hərbi qarşıdurmaların siyasi və diplomatik yollarla həll edilməli olduğuna dair ortaq mövqelərini bir daha təsdiqləyiblər.

***

12:40

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında təkbətək görüş keçirilir.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

***

12:38

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qarşılayıb.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Qeyd edilib ki, səfər Azərbaycan ilə Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq əlaqələrini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR