"İspaniyanın Rusiyadakı səfirliyinin Qarabağdakı erməni separatçılarına yardım göstərildiyi barədə açıqlaması qəbulolunmazdır. Bu barədə İspaniya səfirliyi öz X (Tvitter) hesabında paylaşım edib və bu zaman Qarabağ separatçılarının qondarma “bayrağından” da istifadə edib. İspaniyanın belə bir addımı beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir".
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, İspaniyanın özünün separatizmdən əziyyət çəkməsi bütün dünyaya məlumdur. Belə olan halda, bu ölkənin erməni separatizminə dəstək verməsi riyakarlıqdır. Xatırlatmaq lazımdır ki, 2017-ci ildə Kataloniyanın müstəqilliyinə dair referendumda iştirak edənlərin 90 faizindən çoxu müstəqilliyə səs vermişdi. Bunun ardından Kataloniya parlamenti bölgənin müstəqilliyini elan etmişdi. İspaniyanın müvafiq dövlət qurumları isə referendumun nəticələrini ləğv etdi və separatçılara qarşı sərt addımlar atmışdı. O zaman Azərbaycan XİN-i İspaniyanın ərazi bütövlüyünə dəstək vermişdi. Amma bu gün İspaniyanın Rusiyadakı səfirliyi beynəlxalq hüququn prinsiplərini kobudcasına pozaraq Qarabağ separatçılarına açıq dəstək nümayiş etdirir: "Öz ərazisində separatizmə qarşı ən sərt addımlar atan İspaniyanın Azərbaycanda separatizmə dəstək verməsi riyakarlıq və prinsipsizlikdən başqa bir şey deyil. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün dünya dövlətimizin ərazi bütövlüyünü tanıyır. Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Biz öz ərazimizdə separatizmə imkan verməyəcəyik. Öz ərazisində separatizmə qarşı sərt addımlar atan İspaniyanın Qarabağda erməni separatçılarına dəstək verməsi beynəlxalq hüquq normalarına qarşı hörmətsizlikdir. Bu ölkə belə riyakar davranışlarına son qoymalıdır. Rəsmi Madrid unutmamalıdır ki, bu davranış İspaniyada separatizmin yenidən alovlanmasına təsir göstərə bilər".