"Sərhədlərin delimitasiya və demarkasiyası problem kimi görünməməlidir".
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında belə deyib.
Bildirib ki, bu məsələnin yalnız Azərbaycanla deyil, bütün qonşu dövlətlərlə öz həllini tapması Gürcüstan üçün eyni səviyyədə önəm daşıyır.
“Bu sahədə yalnız Türkiyə ilə sərhədlər tam aydındır. Ona görə də hazırda bu məsələnin müzakirə edilməsi normaldır. Bütün vacib məsələlər səmimi münasibətlərimizin olduğu qonşu dövlətlərlə məsləhətləşmələr şəklində həll olunur”, - deyə İrakli Kobaxidze bildirib.
O, məsələnin həllinin uzanmasına da aydınlıq gətirib:
“Bu məsələnin 30 il ərzində həll edilmədən qalması onu göstərir ki, bunun həli çox çətindir. Delimitasiya və demarkasiya məsələsi problem kimi görülməməlidir. Əsas məsələ odur ki, provokativ addımlar atılmasın. Ona görə də hər kəsi şəxs təşəbbüslərdən çəkinməyə çağırıram. Bu məsələ iki dost ölkə arasınada müzakirələrlə öz həllini tapacaq”.
İrakli Kobaxidze bildirib ki, ölkələr arasındakı münasibətlər öz inkişaf tempini qorumalıdır və ifrat davranışlar məsələnin həllinə heç bir töhvə vermir.