Birləşmiş Krallıq və Azərbaycan arasında otuz ildən çox əməkdaşlıq tarixi var.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, bu münasibətlər enerji sahəsində başlayıb: “BP-nin qabaqcıl investisiyası Azərbaycanın müasir iqtisadi tarixinin formalaşmasına töhfə verib və biz hələ də həmin sağlam təməlin üzərində inşa etməyə davam edirik.
Lakin tərəfdaşlığımız enerji sahəsindən çox kənara çıxıb. Bu gün tərəfdaşlıq müdafiə, təhlükəsizlik, ticarət, təhsil, innovasiya və hər iki tərəfdə də dərin köklər salan xalqlararası əlaqələri ehtiva edir. Azərbaycan dəyərli tərəfdaşdır - iki ölkəni bir-biri ilə əlaqələndirən sıx münasibətlər və günümüzün əsas çətinlikləri və imkanları barədə ortaq baxışlar mövcuddur.
Məhz buna görə də hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu addım ortaq prioritetlərimiz olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyanın təşviqi sahələrində daha dərin əməkdaşlığı təmin edəcək. Birləşmiş Krallıq və Azərbaycan hər iki ölkənin xalqları üçün real faydaları təmin edən ortaq bir gələcək qururlar”.
Diplomat qeyd edib ki, iqtisadi artımın təmin edilməsi Böyük Britaniya hökumətinin prioritetlərindən biridir: “Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır. Biz ticarət, investisiya və regional bağlantılar sahəsində daha dərin əlaqələr quraraq iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, gələcək nəsillər üçün sabit və çiçəklənən iqtisadi mühit yaradaraq, həm Britaniya, həm də Azərbaycan xalqına, eləcə də biznes müəssisələrinə fayda gətirəcək”.