Bakıda Azərbaycan və Qaraçay-Çərkəz Respublikası arasında biznes forum keçirilib

Bakıda Azərbaycan və Qaraçay-Çərkəz Respublikası arasında biznes forum keçirilib
# 29 oktyabr 2012 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Rusiyanın Qaraçay-Çərkəz Muxtar Respublikasının başçısı Rəşid Təmrəzovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azəraycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında mövcud sıx əməkdaşlıqdan danışıb və qeyd edib ki, hazırda Rusiya ilə Azərbaycan arasında möhkəm normativ-hüquqi baza mövcuddur və iki ölkə arasında indiyədək 160 müxtəlif sənəd imzalanıb.

Ş.Mustafayev həmçinin bildirib ki, 2004-2011-ci illərdə Rusiyanın Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 400 mln. ABŞ dolları, Azərbaycanın Rusiyaya yatırdığı sərmayələrin həcmi isə 600 mln. dollar təşkil edib. Nazir onu da bildirib ki, hazırda Azərbaycanda fəaliyət göstərən Rusiya kapitallı şirkətlərin sayı 261-ə bərabərdir: «Ümumiyyətlə, Azərbaycan Rusiyanın 83 subyektindən 71-i, o cümlədən Qaraçay-Çərkəz Respublikası ilə əlaqələr yaradıb və bu əlaqələr ilbəil inkişaf etdirilir».

Azərbaycanın iqtisadi inkişafından danışan nazir onu da qeyd edib ki, əgər 20 il bundan öncə ölkədə ÜDM dövlət hesabına formalaşırdısa, hazırda özəl sektorun ÜDM-də payı 83%-ə çatıb: «Son illər Azərbaycanda sahibkarlıq fəaliyyəti genişlənib, əlverişli biznes və investisiya mühiti formalaşıb. Bu günədək ölkə iqtisadiyyatına 130 mlrd. dollar investisiya yatırılıb».

Öz növbəsində çıxış edən R.Təmrəzov iki ölkə arasında mövcud imkanlardan səmərəli istifadənin, iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Rusiya, eləcə də Rusiyanın regionları ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətini qeyd edib. Tədbirdə Azərbaycan və Qaçay-Çərkəz Muxtar Respublikasının iqtisadi potensialına dair təqdimatlar keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR