Bakı. Şamil Əlibəyli - APA. Mərakeş Krallığı Əlcəzairdə yerləşən “Tinduf” qaçqın düşərgəsində vəziyyətin pisləşməsindən narahatdır.
Mərakeşin Azərbaycandakı səfirliyindən APA-ya göndərilən məlumata görə, bu ölkənin nəzarətində olan Qərbi Saharadan olan qaçqın düşərgəsi təhlükəsizlik və humanitar vəziyyətin pisləşməsi təhlükəsi ilə üzləşib.
Məlumatda qeyd olunur ki, BMT baş katibinin nümayəndəsi Kristofer Rossun regiona səfəri zamanı qaçqın düşərgəsində baş vermiş üsyan vəziyyətin nə dərəcədə ağır olduğunu göstərir: “Dünya ictimaiyyəti tərəfindən biganəlik, vəziyyətin pisləşməsi regiona təhlükə yaradır, orada davamlı olaraq insan haqları pozulur. Əlcəzair və Qərbi Saharanın müstəqilliyi uğrunda mübarizə aparan “Polisario” təşkilatı qaçqınların öz haqlarını tələb etməsi ilə bağlı bütün cəhdləri boğmağa çalışır. BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığ bu məsələni nəzarətə götürməlidir”.
Qeyd edək ki, 1975-ci ildə İspaniyanın Qərbi Saharadan çəkilməsindən sonra Mərakeş bu ərazilərə iddia irəli sürüb. 1991-ci ilə qədər Mərakeşin Əlcəzair tərəfindən dəstəklənən “Polisario” təşkilatı ilə hərbi mübarizəsi nəticəsində 40 mindən çox insan Əlcəzairdə yaradılan “Tinduf” qaçqın düşərgəsinə üz tutub.