Bakı-APA. Sudanın paytaxtı Xartumda Rusiyanın bu ölkədəki baş konsulu və onun həyat yoldaşı Mərkəzi Afrika Respublikasından olan şəxsin hücumuna məruz qalıb.
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, diplomat və onun yoldaşı bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Polisin məlumatına görə, hücum edən şəxs bir müddət əvvəl qardaşının Mərkəzi Afrika Respublikasında (MAR) Fransa hərbçiləri tərəfindən öldürüldüyü barədə məlumat alıb. MAR-da Rusiya hərbçiləri olmasa da, qeyd olunan şəxs qardaşının intiqamını almaq məqsədilə avropalı görünüşlü hər hansı bir şəxsi öldürmək qərarına gəlibmiş.
Qeyd edək ki, hazırda MAR-da üsyançılarla qarşı əməliyyatlara 1600 Fransa hərbçisi cəlb olunub.