Azərbaycanda normal doğuşlar üzrə mövcud vəziyyət açıqlanıb

Azərbaycanda normal doğuşlar üzrə mövcud vəziyyət açıqlanıb
# 30 iyun 2016 10:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda nikaha girmək yaşı da dəyişib. Bu gün 25 yaşa qədər olan gənc xanımlarımız təhsil almağa və çalışmağa önəm verirlər. Bundan sonra ailə qurmaq istəyi olur. Lakin bu zamanda həmin yaş dövründə orqanizmdə müəyyən xəstəliklər inkişaf edir. Problemli hamiləlik adətən 25 yaşdan yuxarı olan xanımlarda baş verir”. APA-nın xəbərinə görə, bunu respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova Respublika Perinatal Mərkəzdə antenatal qulluğa dair maarifləndirici tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər il 150-170 min doğuş baş verir. Onlardan 70-80 faizi normal fizioloji halda həyata keçirilir, 20-30 faiz tərəddüdlü olur: “Bunun da əsas səbəbi hamiləlikdən öncə müayinələrin olmaması, mütəxəssislərə müraciət edilməməsidir. Hamiləlik baş tutanda isə artıq gec olur. Daxili xəstəliklər elə səviyyədə inkişaf edir ki, hamiləliyin sonunda onlara yardım göstərmək çətin olur. Antinetal dövrün aparılması qadın məsləhətxanalarının həkimləri tərəfindən həyata keçirilir. Qadın məsləhətxanalarının əsas vəzifələri hamilələri 9 ay ərzində izləmək, vaxtında risk qrupuna aid olan xəstəlikləri aşkarlamaq və buna uyğun tədbirlər planının hazırlanmasını təmin etməkdir”.

S.Məmmədova doğuşların Bakı ilə bölgələr arasındakı müqayisəni də açıqlayıb. 7 milyon əhalinin 2 milyonunun Bakıda, qalanlarının isə bölgələrdə olduğunu deyən mama-ginekoloqun sözlərinə görə, doğuşların 2 nisbəti paytaxtın, 7 nisbəti isə regionların sayına düşür: “Normal fizioloji hamiləliyi keçirən qadın 7 dəfə qadın məsləhətxanasına gəlməlidir. Əgər bu zaman hansısa xəstəliklər aşkar olunarsa, onlar müəyyən xəstəxanalara göndərilir. Belə ki, Hepatit və digər infeksion xəstəlikləri olanlar Klinik Tibbi Mərkəzə, dəri-zöhrəvi xəstəliklər ərazi üzrə doğum evlərinə, vərəm və ağciyər xəstəlikləri 2 saylı Doğum Evi, böyrək xəstəliyi olanlar 3 saylı şəhər Xəstəxanasına, ürək damar, endokrin, hematologiya, nevrologiya xəstəlikləri olanlar Respublika Klinik Xəstəxanasına, infeksion, qaraciyər xəstəlikləri olanlar, zəhərlənmə halları Klinik Tibbi Mərkəzə göndərilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR