Azərbaycan hər il Qran-pri turnirinə ev sahibliyi etmək üçün namizədliyini verəcək

Azərbaycan hər il Qran-pri turnirinə ev sahibliyi etmək üçün namizədliyini verəcək
# 22 aprel 2013 14:04 (UTC +04:00)

Bakı – APA. Ümumdünya Taekvondo Federasiyası (WTF) bu ildən yeni layihənin icrasına başlayacaq. Bu barədə apasport.az saytına Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov məlumat verib.

O bildirib ki, həmin layihə əsasən Yay Olimpiya Oyunlarına hesablanıb. Belə ki, WTF 2013-cü ildən Qran-pri yarışları keçirməyə başlayacaq və bu, birbaşa Olimpiadaya lisenziya verəcək: “Qran-pri digər kateqoriyalı yarışlardan fərqlənəcək. Burada dünya reytinqində ilk “səkkizlik”də yer alacaq taekvondoçular döyüşəcək və lisenziya xalları yığmağa başlayacaq. Qran-prinin ildə 4 və ya 8 dəfə olması planlaşdırılır. Bu barədə yekun qərarı iyunun 7-də Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahında WTF-in İcraiyyə Komitəsi verəcək”.

Səfərov Qran-prinin hər bir ölkəyə, o cümlədən güclü taekvondoçuları ilə seçilən Azərbaycana da böyük xeyir verəcəyinə inanır: “Qran-pri xüsusi özəlliyi ilə də diqqət çəkəcək. Əgər bu vaxta kimi hər ölkə maksimum 4 taekvondoçu (2 kişi, 2 qadın) ilə Olimpiya Oyunlarında təmsil olunurdusa, növbəti möhtəşəm yarışlarda bunun sayını artırmaq hüququnu qazanacaq. Çünki Qran-pridə əldə olunacaq lisenziya ayrı hesablanacaq. Burada neçə vəsiqə qazanmağından asılı olmayaraq, digər lisenziya xarakterli yarışlarda yenə həmin 4 idmançı ölkə adına iddianı davam etdirə biləcək. Nəticədə Olimpiadaya 4 deyil, 5, 6, 7 və ya 8 idmançı ilə getmək hüququna yiyələnmək mümkün olacaq”.

Vitse-prezident yeni layihənin yarışlarının Azərbaycanda keçirilmək variantına da toxunub. O bildirib ki, İcraiyyə Komitəsinin iclasında Azərbaycan ildə 1 dəfə Qran-priyə ev sahibliyini etmək üçün namizədliyini irəli sürəcək: “Biz yeni ildə bu yarışın Bakıda təşkil olunmasını istəyirik. Artıq bu barədə qərar verilib və İcraiyyə Komitəsinin iclasında rəsmən namizədliyimizi irəli sürəcəyik. Əsas məqsədimiz Rio-de-Janeyro-ya kimi, lakin 2013-cü il istisna olmaqla, hər il bir dəfə Qran-prini Bakıda keçirək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR