Nazir müavini: “Son 10 ildə vergi daxilolmaları 5 dəfə artıb”

Nazir müavini: “Son 10 ildə vergi daxilolmaları 5 dəfə artıb”
# 10 avqust 2016 09:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə vergi sistemi əsaslı şəkildə modernləşdirilib, vergi inzibatçılığı kökündən dəyişdirilərək beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilib.

APA-Economics”in məlumatına görə, bunu Vergilər Nazirliyində prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamı və bu sərəncamla bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilmiş mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev deyib. Onun sözlərinə görə, bu müddətdə vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılması, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində geniş tədbirlər həyata keçirilib.

İ.Vəliyev qeyd edib ki, son 10 ildə vergi daxilolmaları 5 dəfə, qeyri-neft-qaz sektorundan daxilolmalar 5,7 dəfə, regionlardan büdcə daxilolmaları isə 10,2 dəfə artıb. Qeyri-neft-qaz sektorundan daxilolmaların ümumi vergi daxilolmalarında xüsusi çəkisi hazırda 70%-ə çatır.

Nazir müavini elektron xidmətlərin tətbiqi sahəsində görülən işlərə toxunaraq hazırda vergi ödəyicilərinin təxminən 90 faizinin vergi bəyannamələrini elektron şəkildə təqdim etdiyini vurğulayıb. Bildirib ki, artıq vergi ödənişləri plastik kartlarla internet üzərindən də həyata keçirmək mümkündür: "Dünya təcrübəsində ən mütərəqqi yeniliklərdən olan “E-audit” və “Asan imza” kimi mühüm layihələr yalnız regionda deyil, ümumilikdə postsovet məkanında ilk olaraq məhz Azərbaycanın vergi sistemində reallaşdırılıb. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan e-qeydiyyat sisteminin uğurlu tətbiqi üzrə dünyanın aparıcı dövlətləri sırasındadır".

Nazir müavini qeyd edib ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, son 10 ildə vergi ödəyicilərinin sayının 5 dəfədən çox artması nəticəsində yeni vergitutma mənbələri yaranıb. Bu baxımdan rəqəmsal iqtisadiyyatın inkişafı vergi orqanları qarşısında yeni vəzifələr qoyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR