ABŞ-ın Virciniya ştatında odlu silahdan açılan atəş nəticəsində yaralanan Konqres üzvü Stiv Skaliz xəstəxanadan evə buraxılıb.
APA-nın xəbərinə görə, bu barədə konqresmenin müalicə aldığı “MedStar” xəstəxanasının yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, altı həftəlik müalicədən sonra S.Skalizi reabilitasiya dövrü gözləyir.
İyunun 14-də Stiv Skaliz Virciniya ştatının Aleksandriya şəhərində öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə konqresmen və bir neçə nəfər, o cümlədən iki polis əməkdaşı yaralanmışdı. Həkimlər ombasından yaralanan konqresmenin çoxlu qan itirdiyini, daxili orqanlarının zədələndiyini bildirirdilər. Cinayəti törədən 66 yaşlı İllinoys ştat sakini polislə atışmada yaralanıb, sonra isə xəstəxanada keçinib.