Bunu «APA-Economics»ə açıqlamasında İnstitutun direktoru Tariyel Pənahov bildirib.
Onun sözlərinə görə, sahəsi 30 ha olan ikimərtəbəli binanın yenidən inşa olunması ilə yanaşı, həm də onun maddi-texniki bazası möhkəmləndiriləcək: «Elm müəssisəsinin bu cür yeniliklərə çox ehtiyacı var. Çünki biz üzümçülük və şərabçılıq sahəsində elmi-tədqiqat işləri aparmalıyıq».
T.Pənahov bildirib ki, Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun yeni binasında dequstasiya zalı, Azərbaycan şərablarının kolleksiya muzeyi yaradılacaq. Burada mikro-şərabçılıq, yəni laboratoriya şəraitində məhsulların ekspertizasının aparılması mümkün olacaq.
Bundan başqa, üzüm növləri və sortların aprobasiyası, qiymətləndirilməsi və təyin edilməsini təmin edən ampeloqrafik laboratoriyanın, o cümlədən, üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin beynəlxalq standartların tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi və sertifikasiyası üçün laboratoriyanın yaradılması nəzərdə tutulub. Həmçinin, AzETÜŞİ-nin nəzdində mini emal sexi (mikrovinifikasiya) də qurulmalıdır.
Bu mərkəzlər müasir texnologiyaların öyrənilməsi, yeni növ rəqabətə davamlı içkilər istehsalının artırılması, elmi tədqiqatların nəticələrinin sınaqdan keçirilməsinə imkan verəcək. Mini emal sexi isə laboratoriya şəraitində aparılmış tədqiqatların nəticələrinin yarım istehsal qurğularında sınaqdan keçirilməsinə və müxtəlif texnoloji təlimatlar, normativ sənədlər və texniki şərtlərin parametrlərinin müəyyənləşdirilməsinə şərait yaradacaq.