Bakı. Ramiz Mikayıloğlu - APA. “Milli Məclisdə genetik modifikasiya olunmuş (GMO) məhsulların Azərbaycana gətirilməsinin, GMO toxum və tinglərin becərilməsinin qadağan edilməsi ilə bağlı 8 qanuna dəyişiklik edilib, Nazirlər Kabineti tərəfindən bununla bağlı müvafiq qərarlar qəbul olunub. Lakin hələ də bazarlarda GMO məhsullar var”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov söyləyib.
Bu yaxınlarda qəbul edilən “Seleksiya nailiyyətləri haqqında” və “Toxumçuluq haqqında” qanunlarda GMO ilə bağlı cərimələrin də nəzərdə tutulduğunu bildirən Eldar İbrahimov deyib ki, Azərbaycanda belə məhsulları becərənlərin məhsullarının da sığortalanmaması nəzərdə tutulub.
Onun sözlərinə görə, Azərbaycana idxal edilən məhsulların pasportunda bu məhsulun geninin dəyişdirilib-dəyişdirilmədiyi, dəyişdirilibsə, neçə faiz dəyişdirildiyi yazılmalıdır: “Sərhəddə laboratoriyalarımız var, mütəxəssislər də bu məhsulları laboratoriyalarda yoxlamalı və Azərbaycana buraxmamalıdırlar. Eyni zamanda bazarlarda yoxlamalar aparılmalıdır. Məsələn, veterinar həkim müəyyənləşdirəndə ki, satılan GMO məhsuldur, bazardan yığışdırılmalıdır. İndi Azərbaycanda yetişdirilən, yaxud xaricdən gələn GMO məhsullar hansısa yolla bazara daxil olursa, insanlar məhsulun gözəlliyinə, xarici görünüşünə aldanmamalıdırlar. Bazarlarda insanlar özləri baxmalı və başa düşməlidirlər ki, satılanlardan hansılar GMO məhsullar, hansılar təbii məhsullardır. Məsələn, bəzək-düzəkli almanı yox, Quba almasını almalıdır. Bu, insanların öz ümidinə qalıb”.