Yaqub Mahmudov: “Tarix İnstitutunda ermənilərin əsassız iddialarına layiqli cavab vermək məqsədilə fundamental araşdırmalar aparılıb”

Yaqub Mahmudov: “Tarix İnstitutunda ermənilərin əsassız iddialarına layiqli cavab vermək məqsədilə fundamental araşdırmalar aparılıb”
# 04 dekabr 2013 13:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə elmi şura keçirilib. İnstitutdan APA-ya verilən məlumata görə, elmi şurada institutun şöbələrinin illik hesabatı dinlənilib.

Yaqub Mahmudov qeyd edib ki, Tarix İnstitutunda ermənilərin əsassız iddialarına layiqli cavab vermək məqsədilə fundamental araşdırmalar aparılıb: “2013-ci ildə “Azərbaycan tarixinin ümumi konsepsiyası” əsas elmi istiqaməti üzrə elmi tədqiqat işləri aparılıb. Almaniya, Rusiya, Türkiyə, İngiltərə, Gürcüstan və başqa ölkələrdən gətirilən çoxlu sayda arxiv sənədlərindən ibarət toplular, fundamental elmi əsərlər çap olunub, onların müxtəlif xarici dillərə tərcüməsi həyata keçirilib”.

İnstitutdan əlavə ediblər ki, elmi şurada Almaniyadan yenicə qayıdan nümayəndə heyətinin hesabatı dinlənilib. Nümayəndə heyətinin rəhbəri, professor Səadət Zeynalova çıxış edərək Almaniyanın dövlət arxivlərindən gətirilən sənədlər, mənbələr, ümumilikdə görülən işlər barədə slaydlar vasitəsilə ətraflı məlumat verib.

Elmi şurada 2013-cü ildə Tarix İnstitutunda nəşr olunan kitabların sərgisi də nümayiş olunub. Akademik Teymur Bünyadov çıxış edərək Tarix İnstitutunun 2013-cü ildə gördüyü işləri yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR