BMT-nin səlahiyyət müddəti başa çatmaqda olan baş katibi Pan Gi Mun vətəni Cənubi Koreyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə biləcəyinə işarə vurub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, həm yerli, həm də beynəlxalq KİV-də onun adı potensial namizədlər sırasında hallandırır.
“Əgər 10 il ərzində BMT baş katibi postunda öyrəndiklərim Koreya Respublikasını irəli apara biləcəksə, mən özümü buna həsr etməyə hazıram. Biliklərim ölkənin inkişafına, vətəndaşlarımızın rifahının və gəlirlərin artmasına xidmət edərsə, o zaman özümü əsirgəməyəcəyəm”, deyə o, söyləyib.
Pan Gi Munun Koreya Respublikası prezidentliyinə namizədliyini irəli sürəcəyi barədə fikirlər ölkədəki siyasi böhrandan sonra daha da güclənib. Xatırladaq ki, parlament hazırkı prezidentin istefaya göndərilməsinə dair qərar qəbul edib. P. Gi Munun BMT baş katibi postunda səlahiyyətləri bu ilin sonunda yekunlaşacaq.