Suriya ordusunun və iranlı generalların rəhbərlik etdiyi şiə könüllü silahlılarının mühasirəsində olan Hələbin şərqindəki məhəllələrdən 5 min silahlı müxalif və onların ailə üzvlərinin təxliyyəsinə başlanıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dekabrın 14-də saat 20.00 radələrində Türkiyə və Rusiya arasında Hələbin şərqindəki müxaliflərin və ailələrinin Azad Suriya Ordusunun nəzarətində olan İdlib vilayətinə təxliyəsi ilə bağlı razılıq əldə edilib.
Bu gün səhər saatlarında müxaliflər və onların ailələrinin olduğu 20 avtobus Hələbdən İdlib istiqamətinə hərəkətə başlasa da, şiə qrupların atəşinə məruz qalıb. Nəticədə 4 nəfər ölüb, 40-ı ağır olmaqla, 500 nəfər yaralanıb. Avtobuslar Hələbdə müxaliflərin nəzarətində olan məhəllələrə qayıdıblar. “Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, Rusiya Türkiyə ilə əldə etdiyi razılaşmanın İran və Suriya hökuməti tərəfindən pozulmasına, avtobusların atəşə tutulmasına sərt reaksiya verib. Rusiya rəhbərliyi Suriya və İrana nəzarətlərindəki qüvvələrin atəşkəsi bir daha pozacağı, müxalifləri və ailələrini təxliyyə edən avtobus karvanının atəşə tutulacağı halda Rusiya Hərbi Hava Qüvvələrinin zərbəsinə məruz qalacağını çatdırıb.
Rusiya az öncə 5 min müxalif döyüşçü və onların ailələrinin Hələbin şərqindən təxliyyəsinin başladığını açıqlayıb.