Azərbaycan üzrə Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı qiymətləndirməsi layihəsinin yekun hesabatı hazırlanıb

Azərbaycan üzrə Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı qiymətləndirməsi layihəsinin yekun hesabatı hazırlanıb
# 11 dekabr 2014 09:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda Dünya Bankının, Avropa İttifaqının və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə həyata keçirilən Azərbaycan Respublikası üzrə Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı (PEFA) qiymətləndirməsi layihəsinin yekun hesabatı təqdim olunub.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2001-ci ildə 7 donor agentlik və beynəlxalq maliyyə institutları - Avropa Komissiyası, Beynəlxalq Valyuta Fondu, Norveç Xarici İşlər Nazirliyi, Fransa Xarici İşlər Nazirliyi, İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi, Böyük Britaniya Beynəlxalq İnkişaf Departamenti və Dünya Bankı tərəfindən işlənib hazırlanmış PEFA metodologiyası üzrə qiymətləndirmə bu günə kimi 144 ölkəni əhatə edib.

Azərbaycanda ilk dəfə dövlət xərcləri, satınalmalar və maliyyə hesabatlılığının əhatə edən qiymətləndirmə 2008-ci ildə həyata keçirilib. Azərbaycan hökumətinin müraciəti əsasında bu il yenidən PEFA qiymətləndirilməsinə başlanılıb və layihə müvəffəqiyyətlə başa çatdırılıb.

PEFA Katibliyinin başçısı Luyis Havke təqdimatında bildirib ki, yekun hesabat son 3 ilin (2011-2013-cü il) dövlət maliyyəsinin idarə edilməsi sahəsi üzrə göstəricilərin qiymətləndirilməsi əsasında hazırlanıb. Onun sözlərinə görə, aparılmış qiymətləndirmə nəticəsində 31 göstəricidən 17-si üzrə ciddi irəliləyişlər əldə edilib. Hesabatda büdcə zərfinə daxil edilən sənədlərin əhatəliliyinin artırılması, büdcə layihəsinin tərtibi qrafikinə ciddi əməl olunması, büdcə təsnifatının təkmilləşdirilməsi bir daha müsbət işlər kimi qeyd olunub. Həmçinin, hesabatda ortamüddətli büdcə proqnozlaşdırılmasının tətbiqi, davamlı olaraq dövlət büdcəsinin gəlirləri üzrə proqnozun artıqlaması ilə yerinə yetirilməsi, dövlət büdcəsinin xərcləri üzrə vaxtı ötmüş borcların yaranmasının qarşısının alınması, büdcə prosesində qanunvericilik orqanının iştirakının artması və digər istiqamətlər üzrə nailiyyətlər vurğulanıb.

Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko isə layihənin uğurla başa çatdığını, Azərbaycanın qiymətləndirmə üzrə əksər göstəricilərdə ciddi irəliləyişlərə nail olduğunu söyləyib.

Qeyd olunub ki, son illərdə ölkədə büdcə prosesinin beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsi, onun şəffaflığının, ünvanlığının və ictimaiyyətə açıqlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.

Bununla yanaşı, hökumət dövlət maliyyəsi üzrə aparılan islahatları bundan sonra da dəstəkləməklə PEFA qiymətləndirilməsinin yekun nəticəsinə uyğun olaraq əməli fəaliyyətlərini genişləndirəcək və beynəlxalq təşkilatlarla işgüzar münasibətlərini daha da artıracaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR