Azərbaycan daxili işlər nazirinin müavini ABŞ Dövlət Departamentinin ekspertləri ilə görüşüb

Azərbaycan daxili işlər nazirinin müavini ABŞ Dövlət Departamentinin ekspertləri ilə görüşüb
# 10 noyabr 2012 09:11 (UTC +04:00)
Bakı-APA. Dünyada insan alverinin vəziyyətinə dair gələn ilin mart-aprel aylarında açıqlanması gözlənilən hesabatı hazırlamaq məqsədi ilə ölkəmizdə olan ABŞ Dövlət Departamentinin bir qrup eksperti Daxili İşlər Nazirinin müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazovla görüşüblər. APA-nın məlumatına görə, bu, son iki ay ərzində Vilayət Eyvazovun ABŞ rəsmiləri ilə keçirdiyi ikinci mühüm görüşüdür. Bundan qabaq isə ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Riçard Morninqstarla Vilayət Eyvazovun görüşü keçirilib, Azərbaycanda cinayətkarlığa, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə geniş müzakirələr aparılıb.

ABŞ Dövlət Departamentinin ekspertləri ilə keçirilən görüşdə də Azərbaycanda insan alverinin hazırkı vəziyyəti, eləcə də bu ilin yayında ABŞ Dövlət Departamentinin açıqladığı hesabatda göstərilən problemlər, həmçinin Azərbaycan hökumətinə edilən tövsiyələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, bu ilin yayında ABŞ Dövlət Departamentinin insan alverinə dair qlobal hesabatında Azərbaycan son 5 ildə növbəti dəfə “2 nömrəli Nəzarət Siyahısı” deyilən kateqoriyaya aid edilib və hətta hökumətə konkret təklif və tövsiyələr də verib. “2-ci nəzarət siyahısı kateqoriyası” isə ən pis kateqoriyadan bir pillə yüksəkdir. Yəni, Azərbaycan 5 ildir ki, TVPA (ABŞ-ın Trafikinq Qurbanlarının Müdafiəsi Aktı) standartlarına tam uyğun olmayan, ancaq bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün ciddi səylər göstərən ölkələrin siyahısına daxil edilir. Bəzi ekspertlər bu halı da “yaxşı nəticə” sayır və hesab edirlər ki, Azərbaycanın 5 ildə eyni yerdə qərarlaşması ABŞ və Azərbaycan arasındakı birgə razılaşmanın, strateji müttəfiqliyin nəticəsidir, əslində isə mövcud göstəricilərlə ölkə 3-cü kateqoriyaya – daha pis pilləyə də atıla bilərdi.

Adətən, indiyədək Dövlət Departamenti hesabatlarını hazırlayarkən, Azərbaycandakı qeyri-hökumət təşkilatları ilə görüşlərə daha çox üstünlük verir və onların məlumatlarına istinad edir, dövlət qurumlarının mövqeyini o dərəcədə də nəzərə almırdılar. Azərbaycan tərəfi də tez-tez beynəlxalq təşkilatları və Dövlət Departamentini obyektiv olmamaqda, yanlış məlumatlar əsasında hesabatlar hazırlamaqda qınayırdı. Lakin indi Dövlət Departamentinin təmsilçiləri növbəti hesabatların hazırlanmasında təkcə QHT-lərin deyil, Azərbaycanın rəsmi qurumlarının, o cümlədən DİN-in də mövqeyinin öyrənilməsinə xüsusi əhəmiyyət verirlər. Ehtimal var ki, ABŞ-ın və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alındığından, növbəti hesabatlarda Azərbaycan “2-ci nəzarət siyahısı kateqoriyası”ndan çıxarılsın və nisbətən yaxşı sayılan pillələrdə göstərilsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR