Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır

Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
# 23 iyul 2012 07:30 (UTC +04:00)
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, imtahanlarda hər bir namizədə 35 sual təqdim ediləcək. Sualların 25-i uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri ucun fənn proqramının məzmununa, 5-i təlim strategiyaları və məktəbdaxili qiymətləndirmə qaydalarına, 5-i isə məntiq və ümumi dünyagörüşünə aid olacaq. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılacaq. Hər bir düzgün cavab 1 balla qiymətləndiriləcək və düzgün cavabların sayına uyğun bal kompüterin ekranında göstəriləcək.

Müəllimlərin işə qəbulu üzrə imtahanlar avqustadək davam edəcək. Müsabiqəyə ümumilikdə 15467 nəfər buraxılıb. Müsabiqəyə buraxılanların arasında ibtidai sinif müəllimi işləmək istəyənlərin sayı üstünlük təşkil edir. Ölkə üzrə müsabiqəyə buraxılanların 3764 nəfəri ibtidai sinif, 2731 nəfəri ingilis dili, 2160 nəfəri Azərbaycan dili və ədəbiyyatı, 1483-ü riyaziyyat, 1112 nəfəri tarix fənni üzrə müəllim işləmək üçün elektron ərizə təqdim edib. Ən çox vakant yerin olduğu coğrafiya fənni üzrə 636 nəfər müsabiqəyə buraxılıb. Növbəti tədris ili üçün Azərbaycanın orta məktəblərində və peşə liseylərində ən çox coğrafiya, ən az isə rus dili və ədəbiyyatı müəlliminə tələbat var.

Bakıda ən çox fiziki tərbiyə (45 yer), ibtidai sinif (39 yer), ingilis dili (37 yer), informatika (25 yer), riyaziyyat (23 yer) müəllimlərinə tələbat var. Azərbaycanın rayon və şəhərlərindəki orta məktəblərdə ən çox coğrafiya (407), kimya (373 yer), biologiya (341 yer), Azərbaycan dili və ədəbiyyatı (326 yer), fizika (281 yer), riyaziyyat (248 yer), tarix (243 yer) fənni üzrə müəllimlərə ehtiyac duyulur.

Ümumilikdə bu il orta məktəblərdə və peşə liseylərində 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin yalnız 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıdakı, 32-si isə respublikanın digər rayon və şəhərlərindəki peşə liseylərindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR