İranda səfərdə olan Mübariz Qurbanlı bu ölkənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

İranda səfərdə olan Mübariz Qurbanlı bu ölkənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
# 04 may 2015 07:37 (UTC +04:00)

Bakı - APA. İran İslam Respublikasında səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 3-də Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri İbrahim Türkmanla görüşüb.

Komitədən APA-ya verilən məlumata görə, M. Qurbanlı bildirib ki, Azərbaycan və İran xalqları eyni tarixi köklərə və adət-ənənəyə malikdirlər. O deyib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq edir: “İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın azad edilməsi məsələsini gündəliyə gətirərkən İranın dəstəyini hiss edib. Azərbaycan prezidenti də birmənalı şəkildə bəyan edib ki, rəsmi Bakı heç bir zaman öz ərazisindən İrana qarşı istifadə olunmasına yol verməyəcək”.

Görüşdə qeyd olunub ki, son vaxtlar dünyanın bəzi regionlarında islamofobiya halları artıb. M. Qurbanlı nəzərə çatdırıb ki, hər iki ölkənin din xadimləri ilə yanaşı, dövlət qurumları da İslamın düzgün təbliğatını aparmalı və gənclərin yanlış təbliğata uymasının qarşısını almalıdırlar. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən işlər haqqında məlumat verən komitə sədri bildirib ki, Azərbaycan dövləti yeni məscidlər inşa edir, köhnə məscidləri bərpa edərək din xadimlərinin istifadəsinə verir, onların ibadət etməsi üçün geniş imkanlar yaradır.

İbrahim Türkman isə qeyd edib ki, İran hər zaman radikal dini qruplaşmalarla mübarizə aparır və bu halların ölkədə yayılmasının qarşısını qətiyyətlə alır. Bakıya səfərini xatırlayan İ. Türkman Azərbaycanın inkişafının İranı sevindirdiyini vurğulayıb: “Eyni dinə mənsub olan xalqların daha sıx əlaqələrini təmin etmək lazımdır ki, inanclara xələl gətirilməsinin qarşısı alınsın. İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və ona hörmətlə yanaşır. Bəzi qüvvələr iki qardaş dövlətin münasibətlərinə ziyan vurmağa çalışırlar. Odur ki, biz qarşılıqlı faydalı əməkdaşlıqla bu qüvvələrin istəklərinin həyata keçməsinə imkan verməməliyik”.

Görüşdə dini təhsil sahəsində əməkdaşlıq, regiondakı siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR