Almaniya avrobondların yaradılmasına qarşı çıxıb

Almaniya avrobondların yaradılmasına qarşı çıxıb
# 24 may 2012 12:08 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Birliyi (AB) ölkələri liderlərinin Brüsseldə keçirilən qeyri-formal sammitində Almaniya ümumavropa borc öhdəliklərinin yaradılmasına qarşı çıxıb.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, Almaniya kansleri Angela Merkel bildirib ki, avrobondların tətbiqi AB-nin müqavilələrini pozacaq və sürətli iqtisadi artıma səbəb olmayacaq.

Fransa prezidenti Fransua Olland avrobondlar ideyasının müzakirəsinin arzuolunan olduğunu söyləyib. İrlandiyanın baş naziri End Kenni isə deyib ki, AB ölkələrinin dövlət başçıları ümumavropa borc öhdəliklərinin yaradılmasını müzakirə etməyi planlaşdırırlar. Buna cavab olaraq A.Merkel sammitin qeyri-formal olduğunu və qərar qəbul edilmək üçün deyil, problemlərin müzakirəsi üçün təşkil edildiyini vurğulayıb: “Burada başlayan müzakirələr iyunun 23-24-də Brüsseldə keçiriləcək sammitdə qərarların qəbuluna kömək edə bilər”.

Qeyd edək ki, Avstriya və Niderland da avrobondların tətbiq olunmasına qarşı çıxır, AB-nin icraçı orqanı olan Avropa Komissiyası isə ideyanı dəstəkləyir. Ekspertlərin fikrincə, ümumavropa borc öhdəliklərinin yaradılması onların faiz dərəcələrini aşağı salmağa imkan verəcək və İtaliya, İspaniya, İrlandiyanın vəziyyətini yüngülləşdirəcək. Amma bu halda Almaniya kimi daha varlı ölkələr nisbətən kasıb ölkələrin borc öhdəliklərinin bir hissəsini öz üzərinə götürməli olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR