Azərbaycanda kredit alanların sayı 2 milyonu ötüb

Azərbaycanda kredit alanların sayı 2 milyonu ötüb
# 09 iyun 2014 07:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin aprel ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 288 195 sorğu daxil olub.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, mart ayı ilə müqayisədə aprel ayında MKR-ə ümumi müraciətlərin sayında artım qeydə alınıb. Belə ki, mart ayında reyestrə 202 380 sorğu daxil olduğu halda, aprel ayında bundan 85 815 çox, yəni 288 195 müraciət daxil olub. Sorğuların 282 606-sı banklar tərəfindən daxil olub. 5 589 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

Bu ilin yanvar-aprel aylarının göstəricilərini təhlil edəndə məlum olur ki, fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə aprel ayında reyestrə daxil olan sorğular 3,1 dəfə çoxalıb. Məsələn, yanvar ayında 1 799, fevral ayında 3 452, mart ayında 4 228 nəfər kredit tarixçəsini öyrənmək istəyib. Aprel ayında bu göstərici 5 589-a yüksəlib.

Qeyd edək ki, ilin əvvəlindən cəmi borcalanların sayı 4,1% artaraq mayın 1-nə 2 070 896 nəfər təşkil edib. Bunun da 10 360 nəfəri hüquqi, 2 043 312 nəfəri fiziki şəxsdir, 17 224-ü isə sahibkarlıq subyektləridir.

Aprel ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 070 896, kredit məlumatlarının ümumi sayı isə 7 285 413 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 944 821-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR