Elnur Aslanov: “Biz Azərbaycanda açıq və şəffaf seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılmasında qərarlıyıq”

Elnur Aslanov: “Biz Azərbaycanda açıq və şəffaf seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılmasında qərarlıyıq”
# 28 sentyabr 2013 12:14 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Prezident Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ölkədə demokratiyanın inkişafı və rifahın yüksəlməsi istiqamətində son 20 ildə tərəqqi əldə edildiyini bildirib.

APA-nın məlumatına görə, Prezident Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Türkiyənin “Today`s Zaman” qəzetinə müsahibəsində Azərbaycanı Şərq mentalitetinə və Qərb praqmatizminə malik ölkə adlandırıb. E. Aslanov eyni zamanda qeyd edib ki, ölkədə demokratiya inkişaf etsə də, görməli hələ çox iş var.

Azərbaycanın gələn ay keçiriləcək prezident seçkilərinə hazırlığından danışan şöbə müdiri deyib ki, 1000 səsvermə məntəqəsinin veb-kameralarla təchiz olunub: “Dünyanın istənilən yerindən hər kəs səsvermə prosesini müşahidə edə bilər. Biz Azərbaycanda açıq və şəffaf seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasında qərarlıyıq. ATƏT DTİHB, AŞPA, Avropa Parlamenti və MDB kimi təşkilatların müşahidə missiyaları seçki günü prosesi işləyəcəklər”.

E. Aslanov bildirib ki, bu yaxınlarda keçirilən sorğular hazırkı prezident İlham Əliyevin rəqiblərindən fərqli olaraq, böyük üstünlüyə malik olduğunu göstərir: “Bugünkü müxalifət liderlərinin cəmiyyətin inkişaf etdirilməsi ilə bağlı konkret təşəbbüsləri yoxdur”.

Azərbaycan iqtisadiyyatından danışan E. Aslanov ölkə iqtisadiyyatı Cənubi Qafqaz regionunun 80 faizini təşkil etdiyini, bunun da Azərbaycanın inkişafının bariz göstəricisi olduğunu vurğulayıb: “Bakı və əyalətlər dəyişilir, hökumət 1 milyon iş yeri açıb, gənclərə ayrılan vəsaitlər son 10 il ərzində 100 dəfə artıb. Bu, 9 milyonluq əhali üçün çox vacib rəqəmdir”.

Ölkədə İnternet azadlığına toxunan E. Aslanov vurğulayıb ki, hökumət hər zaman məhdudiyyətlərə qarşı çıxış edib: “Həmişə də belə olacaq. Hökumət şəffaf, açıq İnternetin və onun sürətli inkişafı ideyasını dəstəkləyir. Onlarla veb TV və radio fəaliyyət göstərir. “Facebook” sosial şəbəkəsi Azərbaycanda siyasi aktivlik üçün platformanın nümunəsidir. Heç bir hökumət üçün sosial medianı nəzarətdə saxlamaq mümkün deyil. Bizim bunu etmək arzumuz və niyyətimiz yoxdur”.

Cənubi Qafqazdakı vəziyyətdən danışan E. Aslanov qeyd edib ki, təbii ehtiyatlarla zəngin olan Azərbaycan vacib geostrateji mövqeyə malikdir. Ölkənin İran və Rusiya ilə münasibətlərini şərh edən şöbə müdiri bildirib ki, hər iki ölkə regionda stabillik və rifah üçün vacib rol oynayır, Azərbaycan isə hər iki ölkə ilə əlaqələrin dərinləşməsində maraqlıdır. E. Aslanov Rusiya prezidenti Vladimir Putinin Azərbaycana uğurlu səfərini xatırladıb və İran-Azərbaycan əlaqələrinə xələl yetirmək istəyən bəzi qüvvələri tənqid edib.

Bununla belə, o, İranın Ermənistanla sıx əlaqələrə malik olmasını qınayıb: “İran tərəfindən Ermənistana tanınan iqtisadi imtiyazlar bu ölkəni işğalçılıq siyasətini davam etdirməyə həvəsləndirir və rəsmi İrəvan Dağlıq Qarabağ münaqişənin həllində qeyri-konstruktiv mövqe sərgiləyir. Türkiyə 1993-cü ildə Azərbaycanla həmrəyliyik göstərərək, Ermənistanla sərhədi bağlayıb və bu ölkə ilə diplomatik əlaqələrə malik deyil. İran Ermənistanı təcrid məsələsində Türkiyə və Azərbaycana qoşulsa, Ermənistan özünü konstruktiv aparacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR