Torpaq sürüşməsi zamanı qəzalı vəziyyətə düşən Şamaxının Muğanlı qəsəbəsinin sakinləri üçün 62 yeni evin inşası başa çatdırılıb - VİDEO

Torpaq sürüşməsi zamanı qəzalı vəziyyətə düşən Şamaxının Muğanlı qəsəbəsinin sakinləri üçün 62 yeni evin inşası başa çatdırılıb - <span style="color: red;">VİDEO
# 03 oktyabr 2013 21:22 (UTC +04:00)

Rayon icra hakimiyyətindən APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Şamaxı rayonunun Muğanlı qəsəbəsinin əhalisi üçün Meysəri kəndinin ərazisində yeni evlərin tikintisinə ötən ilin sentyabrında başlanılıb və 14 hektar ərazidə 62 evin inşası işləri tam yekunlaşıb. Tikinti işlərini həyata keçirən şirkətin nümayəndəsinin sözlərinə görə, bütün evlərdə hörgü işləri başa çatdırıldıqdan sonra dam örtüyü, qapı-pəncərələr quraşdırılıb, otaqlarda döşəmə və tavan işləri görülüb. Evlərdə rəngləmə işləri görülüb və qəsəbədə daxili yollar çəkilib, artezian quyuları qazılıb, evlərə su və kanalizasiya, elektrik və qaz xətləri çəkilib. Mənzillərdən bir ədədi 1, 28 ədədi 2, 32 ədədi 3, bir ədədi isə 4 otaqlıdır. Gələcəkdə yeni yaşayış massivində məktəb və digər sosial obyektlərin inşası nəzərdə tutulur.

Torpaq sürüşməsi səbəbindən evləri dağılaraq yaşamaq üçün təhlükəli vəziyyətə düşən Muğanlı qəsəbəsinin sakinləri bir ildən çoxdur ki, qohum-qonşuların mənzilində məskunlaşıblar. Hazırda Muğanlı qəsəbəsinin əhalisi səbrsizliklə yeni mənzillərinə köçəcəkləri günü gözləyirlər.

Bundan əlavə, Şamaxı şəhərində və kəndlərdə torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən 22 fərdi yaşayış evinin, Şamaxı şəhərində isə 5 ailə üçün tikilən 2 mərtəbəli yaşayış binasının inşası da başa çatdırılıb. Hazırda rayonun Carhan, Qaleybuğut, Göylər kəndində torpaq sürüşməsindən ziyan çəkən sakinlər üçün fərdi yaşayış evləri tikilir. Çuxuryurd, Mədrəsə kəndlərində və Şamaxı şəhərində isə yeni evlərin tikintisi üçün layihə smeta-sənədləri hazırlanıb. Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində Şamaxı şəhərində və 21 kənddə ümumilikdə 412 ev ziyan çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR