Britaniyalı rejissor Gənc Tamaşaçılar Teatrında iki tamaşa hazırlayacaq

Britaniyalı rejissor Gənc Tamaşaçılar Teatrında iki tamaşa hazırlayacaq
# 16 fevral 2013 07:55 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «British Council» və Mədəniyyət və Turizm Nazirliyinin mədəni əməkdaşlığı çərçivəsində həyata keçirilən «Teatr əməkdaşlığı» layihəsi yekunlaşıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Dram Teatrı, Yuğ Teatrı, Bakı Pantomima Teatrı və Rus Dram Teatrı kimi dövlət və özəl teatrlarını əhatə edən layihə iki mərhələdə baş tutub.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, birinci təlim 20 illik təcrübəyə malik peşəkar işıqlandırma dizayneri Maykl Manyon tərəfindən Azərbaycanın müxtəlif teatrlarının işıqlandırma dizaynerləri üçün keçirilib.

Layihə çərçivəsində ikinci təlim peşəkar teatr rejissoru Yan Uilyam van der Boh tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktyor, rejissor, dramaturq və teatrşünasları üçün keçirilib. Bildirilib ki, Yan bir sıra mükafatlara layiq görülmüş yazıçı, tərcüməçi və rejissordur. O, Birləşmiş Krallıqda tamamilə fərqli sahələrə aid olan «Bristol Old Vic», «Volcano», «Graeae», «Shakespeare's Globe», «Shunt», «Lyric Hammersmith», «Shared Experience» və «Almeida» teatrında fəaliyyət göstərib, uzun illər «Complicitin»in təsisçi üzvlərindən biri olan Ketrin Hanterin idarəedici köməkçisi olub. Eyni zamanda, o, «British Council» ilə geniş əməkdaşlıq edərək Rusiya, Sloveniya, Latviya, Slovakiya, Çexiya, Çin və Almaniyada yüksək uğurlar əldə edib. 2002-ci ildə Slovakiyanin Kositsa dövlət teatrında onun səhnəyə qoyduğu «Patrick Marber's Closer» mövcud 7 Slovak Kritiklərinin «Dosky» mükafatının 6-na layiq görülüb.

Layihənin həyata keçirilməsində əsas məqsəd bir qrup gənc aktyor və texniki heyətin (işıq, səs) bacarıq və peşəkarlığını beynəlxalq standartlar səviyyəsində təkmilləşdirməyə kömək etməkdir. Sözügedən layihənin davamı olaraq britaniyalı rejissor bu ilin oktyabr ayında və gələn ilin fevral ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppası ilə iki yeni tamaşa üzərində yaradıcılıq işinə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR