Hesablama Palatası: Tarifləri dövlət tərəfindən tənzimlənməli olan xidmətlərlə bağlı vahid yanaşmanın olmaması ziddiyyət yaradıb

Hesablama Palatası: Tarifləri dövlət tərəfindən tənzimlənməli olan xidmətlərlə bağlı vahid yanaşmanın olmaması ziddiyyət yaradıb
# 19 may 2015 13:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası tərəfindən son zamanlar həyata keçirilən nəzarət tədbirləri nəticəsində bir sıra hallarda audit obyektləri tərəfindən xidmət göstərilməsi zamanı aidiyyəti qaydaların olmaması müvafiq sahədə subyektivliyin rolunu artıran, habelə prosesə nəzarəti çətinləşdirən amillər kimi qiymətləndirilərək mövcud normativ-hüquqi aktlardakı boşluq və ziddiyyətlərin aradan qaldırılması üçün təkliflərin hazırlanması əsas istiqamətlərdən biri kimi müəyyən edilib.

APA-nın məlumatına görə, Hesablama Palatasının apardığı analitik təhlillərə görə bu hal tarif (qiymət) tənzimlənməsi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsini, ödənişli xidmət göstərilməsi ilə əlaqədar aidiyyəti qaydaların qəbul edilməsini və mövcud qaydaların yeni şəraitə uyğunlaşdırılmaqla təkmilləşdirilməsini şərtləndirir.

“Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli 242 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib ki, həmin siyahıya iqtisadiyyatın müxtəlif sahələri üzrə təbii inhisar, dövlət inhisarı və inhisarçı təsərrüfat subyektlərini əhatə edən 39 istiqamət daxildir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə əsasən, qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərin tənzimlənməsinin həyata keçirilməsini təmin etmək kollegial icra hakimiyyəti orqanı olan Tarif (qiymət) Şurasının əsas vəzifələrinə aid edilsə də, “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” üzrə tarif (qiymət) tənzimlənməsinin vahid tənzimləyici orqan tərəfindən həyata keçirilməsinə dair müddəa qanunvericilikdə təsbit edilməyib. Bu baxımdan, həmin siyahı üzrə Tarif (qiymət) Şurası ilə yanaşı, Nazirlər Kabineti və digər dövlət orqanları (Səhiyyə Nazirliyi, Təhsil Şurası və s.) tərəfindən tarif (qiymət) tənzimlənməsi həyata keçirilib, bəzi xidmətlər üzrə isə tənzimlənmə, ümumiyyətlə, tətbiq olunmayıb. Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən mallar (işlər və xidmətlər) üzrə vahid yanaşmanın mövcud olmaması bir sıra hallarda müvafiq malların (işlərin və xidmətlərin) qiymətlərinin (tariflərinin) düzgün formalaşmamasına və nəticə etibarilə vergilərin dövlət büdcəsinə səfərbər olunmasına, dövlət büdcəsi xərclərinin optimallaşdırılmasına təsir göstərməklə, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

Tarif (qiymət) tənzimlənməsinin vahid tənzimləyici orqan tərəfindən həyata keçirilməsi baxımından və tənzimlənmənin faktiki vəziyyətindən asılı olaraq xidmətləri aşağıdakı kimi qruplaşdırmaq olar:

- Qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş, lakin Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda əksini tapmayan və müvafiq icra hakimiyyəti orqanları tərəfindən tənzimlənməyən xidmətlər.

- Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na daxil edilmiş, lakin Tarif (qiymət) Şurası tərəfindən tənzimlənməyən xidmətlər;

- Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na daxil edilmiş, lakin tənzimləyici orqanla yanaşı digər dövlət orqanları tərəfindən (Səhiyyə Nazirliyi, Təhsil Şurası və s.) tarif (qiymət) tənzimlənməsi həyata keçirilmiş xidmətlər;

- Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na daxil edilmiş, lakin heç bir icra hakimiyyəti orqanı tərəfindən tənzimlənməyən xidmətlər;

Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na daxil olan malların (işlərin və xidmətlərin) qiymətlərinin (tariflərinin) yalnız Şura tərəfindən deyil, müxtəlif dövlət orqanları tərəfindən tarif (qiymət) tənzimlənməsinə səlahiyyət verilməsi qanunvericilikdə bəzi dəyişikliklərin edilməsini zəruri edir. Göstərilənləri nəzərə alaraq, Hesablama Palatası yuxarıda qeyd edilən məsələlərin həll edilməsi, eləcə də qiymətlərin (tariflərin) dövlət tənzimlənməsi sahəsində vahid yanaşmanın tətbiq olunması məqsədilə qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilməklə zəruri tədbirlərin həyata keçirilməsini məqsədəmüvafiq hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR